"Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru" layihəsi yekunlaşır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində qalib layihələrdən biri də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəbin “Mərkəzi və əyalət məktəblərinin əməkdaşlığından inkişaf və təcrübəyə doğru” layihəsidir .
Layihənin məqsədi və vəzifələri:
Layihənin məqsədi mərkəzi və əyalət məktəblərinin qarşılıqlı faydalı əməkdaşlığına nail olmaq, uğurlu dərs nümunələrini, pedaqoji təcrübənin nəticələrini digər məktəblərdə yaymaq, müəllimlərin və şagirdlərin dünyagörüşünü artırmaq, müasir təcrübə imkanlarını tətbiq etməklə təhsilin keyfiyyətinə pozitiv töhvə verməkdir.
Əyalətdə uğurlu nəticələri ilə fərqlənən müəllimlərin mərkəz məktəblərində və qarşılıqlı olaraq mərkəzdə pedaqoji təcrübəsi və uğurları ilə fərqlənən müəllimlərin regionlara ezam olunaraq şagirdlərə nümunəvi dərslər keçməsinə zəmin yaratmaqdır. Mərkəzi və əyalət məktəblərinin müəllim-pedaqoji heyətinin təcrübi dialoqunun təşkili üçün mərkəzdə və yerlərdə “Dəyirmi masa”ların təşkil edilməsidir.
Mərkəzi və əyalət məktəblərinin şagirdlərinin mərkəzdə və əyalətdə qarşılıqlı səfərlərinin, ünsiyyət mübadilələrinin təşkili, yerli regionun xüsusiyyətləri, maddi mənəvi-dəyərləri ilə tanışlıq inkanlarının yaradılmasıdır.
Müasir təhsil fəlsəfəmizdə şəxsiyyət - vətəndaşın yetişdirilməsi, kommunikativ gənclərin formalaşması, müasir innovasiya və təcrübələrə yiyələnmək, qarşılıqlı faydalı əməkdaşlıq və təcrübə mübadiləsi önəmli şərtlərdəndir. Bu gün istər ölkəmizin mərkəzi məktəblərində, istərsə də, ən ucqar əyalətlərdə yerləşən məktəblərimizin özünəməxsus uğurları, nəticələri, təhsilə töhvələri vardır. Pedaqoji işin düzgün təşkili, dərslərin deyilməsi zamanı illərdən bəri əsil pedaqoqlar tərəfindən formalaşmış mənəvi meyarlar prinsipini pozmayan müəllimlərin innovativ yaradıcılığı, dərs nümunələri, təlim modulları, beynəlxalq təcrübədən faydalanmaq təşəbbüsləri, kreativ yanaşma və özünəməxsus bacarıqlar təlim nəticələrinin yüksək olmasına əhəmiyyətli təsir göstərir. Məhz belə müəllimlərin digər məktəblərin pedaqoqları və şagirdlərlə işdə təcrübə mübadiləsinə, əməkdaşlığına zərurət yaradır. Bu gün Bakıda və mərkəzi rayonlarda yerləşən məktəblərin apardığı təlim-tərbiyə prosesi ilə əyalət və ucqar kəndlərin məktəblərinin fəaliyyəti arasında müəyyən spesifik fərqliliklər mövcuddur. Bu istər məktəblərin maddi-texniki təchizatı, pedaqoji işin təşkili, əhalinin, məktəb iştirakçılarının, müəllimlərin, valideynlərin, şagirdlərin yerli, psixoloji xüsusiyyətləri və s. ilə bağlıdır. Uğurlu pedaqoji iş modellərinin digər məktəblərdə tətbiqi, peşəkar müəllimlərin digər kolleqaları ilə təcrübə mübadiləsi dialoqları, nailiyyətləri ilə fərqlənən müəllimlərin mərkəzdə və ya əyalətdə digər məktəb şagirdlərinə dərs nümunələri göstərməsi, şagirdlərin qarşılıqlı görüş və səfərləri, virtual həyata bağlanmış bir çox insanlar üçün canlı ünsiyyət mübadiləsinin təşkili dövrümüzün ən aktual, xüsusən də, təhsil problemidir.
Görülmüş işlər
Layihənin icra planına uyğun olaraq təşkilati-texniki hazırlıq işləri aparılmışdır. Mərkəzi Bakı şəhəri 102 №-li tam orta məktəbin kollektivi ilə Bakının Sabunçu rayonunun 67 nömrəli, Abşeron rayonunun Xırdalan şəhər 1 nömrəli tam orta məktəbləri ilə, Nərimanov rayonu Pişəvari adına Hümanitar Gimnaziya ilə əməkdaşlıq əlaqələri qurulmuşdur. Mərkəzdə qarşılıqlı olaraq şagirdlərə yeni təlim metod və texnologiyaları əsasında interaktiv dərslər keçilmiş, təcrübə mübadiləsi aparılmışdır. 4 regiona -Lənkəran şəhər 6 nömrəl məktəb-liseyə, Qusar rayonu 2 nömrəli şəhər, Şamaxı rayonu Əngəxaran kənd tam orta, Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəblərinə səfərlər təşkil edilmiş , hər bir məktəbdə mərkəz müəllmlərinin region şagirdləri üçün nümunəvi dərs modelləri təqdim edilmiş, qarşılıqlı dərslər dinlənilmiş, müzakirələr aparılmış, “Qiymətləndirmə”, “Yeni təlim strategiyaları”, “Müasir dərs necə olmalıdır?” mövzularında təlimlər, “Dəyirmi masa”lar keçirilmiş, hər bir regionun tarixi mədəniyyət abidələrinə, muzeylərə ekskursiyalar təşkil olunmuşdur.
Adları qeyd olunan mərkəzi və əyalət məktəblərinin müəllimləri arasında təcrübə mübadiləsi, müzakirələr aparılmış, faydalı əməkdaşlıq qurulmuş, şagirdlər arasında isə qarşılıqlı ünsiyyət,dostluq münasibətləri yaradılmışdır.
Gözlənilən nəticələr
Layihənin həyata keçirilməsinin sonunda əldə ediləcək nəticələr:
Mərkəzdə və ya əyalətlərdə uğurlu fəaliyyətləri ilə seçilən müəllimlərin təcrübələri, nümunəvi dərs modelləri digər məktəblərdə yayılacaq, müəllim və şagirdlərin yeni üsullarla, modullarla tanışlığına zəmin yaradılacaq, onlarda bu uğurların məktəblərdə tətbiqi üçün stimul formalaşdıracaqdır. “Dəyirmi masa”larda pedaqoqların qarşılıqlı dialoqu və təcrübə mübadiləsi problemlərin birgə müzakirəsinə, təkliflərin hazırlanmasına, təcrübə mübadiləsinə və təlim-tədrisin keyfiyyətinin yüksəldilməsinə təkan verəcəkdir. Şagirdlərin qarşılıqlı səfər mübadilələri və ünsiyyətləri, bir-biriləri ilə tanışlıq, dünyagörüşü və ünsiyyət mədəniyyətinin formalaşmasına və inkişafına töhvə verəcəkdir, valideynlərin ünsiyyəti uşaqların problemlərinin birgə həlli üçün şərait yaradacaqdır. Şagirdlərin maddi mədəniyyət abidələrinə ekskursiya proqramı onların tarix və mədəniyyətimiz haqqında bilgilərini zənginləşdirəcək, vətənpərvərlik duyğularını gücləndirəcək, asudə vaxtının səmərəli keçməsinə və istirahətinə zəmin yaradacaqdır . Əyalət və mərkəzi məktəblərin fərqli xüsusiyyətləri, metodologiyaları ortalığa qoyulacaq və bu xüsusiyyətlər öyrənilərək məktəblərdə fəaliyyətin uğurlu tətbiqində istifadə olunacaqdır. Məktəblərarası qarşılıqlı faydalı əməkdaşlıq təcrübə mübadiləsinin inkişafına və bu təcrübənin digər regionlara yayılmasına şərait yaradacaq, müəllimlər eləcə də şagirdlər arasında sağlam rəqabət mühiti yaradaraq təhsilin inkişafına və keyfiyyətinin yuksəldilməsinə stimul yaradacaqdır .
Layihənin monitorinqi və davamlılığı
Layihənin digər regionlarda da həyata keçirilməsi nəzərdə tutulur. Layihənin icrası başa çatdıqdan sonra onun davamlılığının təmin olunması istiqamətində işlər davam edəcək, əməkdaşlıq üçün razılaşmalar əldə ediləcək, təhsilin bir çox sahələrində əməkdaşlıq perspektivlərinin müzakirəsi davam etdiriləcəkdir.
Layihənin icra müddəti
Layihənin əhatə etdiyi müddəti 3 aydır-22sentyabr -22 dekabr 2017 –ci il