II Məntiq olimpiadasının məktəb turu keçirilib

2017-ci il aprelin 1-də məktəbimizdə Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadasının ilk turu-məktəbdaxili mərhələsi keçirilib. Olimpiadada Azərbaycan və rus bölməsində təhsil alan V-VI sinif şagirdləri iştirak ediblər. Bilik yarışının ilk turu saat 10:00-da başlayıb və 11:30-da başa çatıb. Məktəbdaxili mərhələdə şagirdlərə 30 test sualı təqdim olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiada zamanı şagirdlərə xas olan bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinin qiymətləndirilməsi nəzərdə tutulub. Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlarda beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi formalaşdırmaq, istedadlı, məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan marağını artırmaqdan ibarətdir.