"Üzeyir ömrünün akkordları"
27 noyabr 2015–ci il tarixində məktəbdə Ü.Hacıbəyovun 130 illik yubileyinə həsr olunmuş “Üzeyir ömrünün akkordları “ adlı ədəbi–bədii gecə keçirilmişdir. Bəstəkarın həyatı xronoloji qayda üzrə aparıcılar tərəfindən izah olunmuş, video layihələr də nümayiş etdirilmişdir. Video layihələrin tərtibatçıları Kərimova Röya , Quliyeva Aydan, Şabanzadə Murad çox mənalı və dolğun slaydlarla tamaşaçıların diqqətini cəlb edə bilmişlər. Tədbir boyu mövzulara uyğun müxtəlif slaydlardan istifadə olunmuşdur. “O olmasın bu olsun”, “Arşın mal alan” operettalarından hissələr səhnələşdirilmişdir. Qızların ifasında rəqs, Ü.Hacıbəyovun “Cəngi” nin sədaları altında rəqs qrupları öz məharətini nümayiş etdirmişlər. “Koroğlu” operasından Bülbülün ifasında fraqment göstərilmiş, “Sənsiz” romansına M.Maqomayevin ifasında slayd tərtib edilmişdir. Məktəbin 9-cu sinif şagirdi Məmmədzadə Sübhan “Sevgili canan” romansını, 10-cu sinif şagirdi Əsgərova Fidan “Sarı gəlin” xalq mahnısını bacarıqla ifa etmişlər. Tədbirə Xalq artisti Gülyaz Məmmədova , Əməkdar artist Səbuhi İsayev , tarzən Elxan Mansurov da təşrif gətirmiş , onlar “Leyli və Məcnun “ operasından bir parça oxumuşlar. Tədbirdən əvvəl 1945-ci ildə çəkilmiş “Arşın mal alan” filmi və zalın qarşısında kitab sərgisi nümayiş etdirilmişdir. Sərginin təşkilinə məktəb kitabxanası ilə yanaşı F.Köçərli adına Respublika kitabxanası və M.Ə.Sabir adına kütləvi kitabxana da köməklik etmişlər. Gecəyə Milli Məclisin deputatı Z.Səmədzadə , Nəsimi rayonu İcra Hakimiyyətinin nümayəndəsi Vəfa xanım ,Təhsil İdarəsinin əməkdaşları ,məktəb direktorları , Konservatoriyanın müəllim heyəti , muzey və kitabxana işçiləri dəvət olunmuşdur. Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin Xalq çalğı alətləri orkestrı çıxış etmişdir. Fəal, iştirakına görə musiqi məktəbinin direktoru T.Göyçayevə, bədii rəhbər və dirijor M.Sultanovaya və musiqi işləri üzrə direktor müavini Əhmədovaya məktəbimiz adından təşəkkürnamə təqdim edilmişdir. Tədbirin hazırlıq mərhələsində bəstəkarın ev muzeyinə ekskursiya təşkil edilmişdir. Muzeyin əməkdaşı Gülnarə xanım şagirdlərə ətraflı məlumat vermişdir. Bəstəkarı yad etmək üçün müəllim və şagird kollektivi Fəxri xiyabandakı məzarını ziyarət etmişlər. Z.Səmədzadə tədbirin sonunda çıxış edib bildirmişdir ki, belə gecələrin çox tərbiyəvi və maariflədirici xüsusiyyətləri vardır. Deputat onu da vurğulamışdır ki, tədbirdə vətənpərvərlik və milli hisslər öz əksini tapmışdır. İştirakçıların milli geyimdə olması, səhnənin milli atributlarla bəzədilməsi gecəyə xüsusi yaraşıq verirdi. Tədbirin sonunda “Koroğlu” uvertürasının sədaları altında əsgər geyimində şagirdlərin addımlaması və atəşfəşanlıq gecəyə möhtəşəmlik gətirmişdir. Tədbirin təşkilatçıları Useynova Zemfira , Tağıyeva Şəfəq və Məlikova Aygün gələn qonaqlara, tədbir iştirakçılarına , məktəbin müdiriyyətinə , müəllim və valideyn kollektivinə dərin minnətdarlıqlarını bildirmişlər. Tədbir ictimai kanalla işıqlandırılmışdır.