27 sentyabr Anım günü- Qürurun və Zəfərin tarixi

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımız göstərdikləri şücaətlə bir daha sübut etdilər ki, xalq şəhid verirsə, deməli, o xalq böyük xalqdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordunun rəşadəti, xalq və dövlətin birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazıldı. Qarabağı, işğalda olan torpaqlarımızı geri qaytarmaq üçün Vətən müharibəsinə başladığımız 27 sentyabr tarixindən, xalqımızın Vətən həsrətinə son qoyaraq, qalib ölkənin vətəndaşı olmaq sevincini bizlərə yaşadan o tarixi gündən artıq 2 il ötür.
Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə də 27 senytabr anım gününə həsr olunan bir sıra tədbirlər keçirildi. İlk öncə məktəbin həyətində Şəhidlərimizin ruhu müəllim və şagird kollektivi tərəfindən bir dəqiqəlik sükutla yad edildi və şəhidimiz Fərid Məhərrəmovun şəkli önündə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Məktəbin direktoru Ofelya Məmmədova çıxış edərək, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilədi. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan məktəb direktoru onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd etdi. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söylədi.
Məktəbin rəssam müəllimi Şəhla İmaməliyevanın muncuqlarla bəzədilmiş şəhid portretləri sərgiləndi və Şəhla müəllimə Şəhidlərin ruhuna ithaf etdiyi “Şəhidlər bir mayakdır!” şeirini səsləndirdi.
İlk dərslər anım gününə həsr olundu. Hər sinifdə şəhidlərin ruhu anıldı, anım gününə həsr olunan kiçik kompazisiyalar nümayiş etdirildi.