Bakı Zooloji Parkına Ekskursiya

Zoologiya parkı — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədi ilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsidir. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Burada tez-tez məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur.
Bakı şəhəri Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli F-138 nömrəli əmri ilə təsdiq edilmiş “Təbiəti qoruyanlar” adlı layihənin icrası istiqamətində tərtib edilmiş Tədbirlər Planına uyğun olaraq məktəbin 5”c”, 6”a” sinif şagirdləri, müəllimləri Səadət Atakişiyeva və Ramilə Xudaverdiyevanın təşkilatçılığı ilə "Bakı Zooloji Parkı"na ekskursiya ediblər. Ekskursiyanın məqsədi şagirdləri vəhşi heyvanların müxtəlif növü ilə əyani tanış etmək və onlara heyvanat aləmi haqqında əhatəli məlumat vermək olub. Şagirdlər ekskursiyada böyük həvəslə iştirak ediblər və orada olarkən heyvanlar haqqında bildiklərini bir-biri ilə bölüşüblər.