28 May-Respublika gününə həsr olunan “Təbiəti qoruyaq” adlı ədəbi bədii gecə

28 May – Respublika Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb.Hər bir Azərbaycan vətəndaşı bu günü qürur və fəxr hissi ilə qeyd edir.
Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə akt zalında 28 May Respublika gününə həsr olunan ədəbi-bədii gecə keçirildi. Tədbir, “Təbiəti qoruyaq”adlanırdı. Tədbirdə əsas məqsəd təbiəti, dogma torpaqlarımızın hər bir qarışını qorumağı şagirdlərə aşılamaq idi. Tədbirdə Binəqədi rayon Yeni Azərbaycan Partiyasının məsləhətçisi Günay Mehtiyeva da iştirak edirdi.
Tədbiri məktəbin direktoru Ofeliya Məmmədova açıq elan edərək, ilk növbədə bu tədbirin ərsəyə gəlməsi üçün əziyyət çəkən müəllimlərə - dərnək rəhbəri Əbdüləli müəllimə, Sevil və Fəridə müəlliməyə, gözəl rəsm əsərləri və tullantı qablardan hazırladığı gözoxşayan kompazisiyaları ilə akt zalını bəzəyən məktəbin rəssamı Şəhla müəlliməyə öz təşəkkürünü bildirdi.
Məktəbin tarix müəllimi Sayad Rəfiyev də çıxış edərək, bildirdi ki, Vətən insanın ruhundan, qəlbindən başlayır. Dünyaya ilk gələn körpələrə analar “oğlum, tez böyü, əsgər get” deyə-deyə laylalar çalırlar. Həyatı başa düşməyən, yalnız ana səsini hiss edib duyan körpələr bu laylaları eşitdikcə duyğulanır və bu duyğular onların qanına hopur. Anaların dilində səslənən vətənpərvərlik nəğmələri körpələri gələcəyin əsl yurdsevər övladları kimi böyüdür. Məktəbə gedən uşaqlar ilk dəfə əlinə qələm alanda, titrək barmaqları ilə yazdıqları ilk kəlmələr “ANA” və “VƏTƏN” sözləri olur...
Vətənin dar günündə igid oğullarımız sinələrini sipər edərək yurdumuzu düşməndən qorudular. Bir çoxları şəhidlik zirvəsinə ucaldı, yaralandı – “təki Vətən yaşasın!” deyə. Min bir əziyyətlə övladlarını böyüdüb boya-başa çatdıran analar övladlarının şəhidliyi ilə qürurlandılar, əyilmədilər, başlarını düşmən qarşısında daha da dik tutdular. Bəlkə də elə ona görədir ki, “ANA” sözü ilə “VƏTƏN” sözü qoşa çəkilir: Vətənə “Ana vətən” deyilir.
...Qəriblikdə dünyasını dəyişən soydaşlarımızın ən böyük arzusu, vəsiyyəti Vətən torpağında uyumaq olur. Hətta onları öz yurdlarına gətirmək mümkün olmayanda belə, bir ovuc Vətən torpağını aparıb məzarlarının üstünə səpirlər ki, ruhu rahatlıq tapsın. Elə buna görə də düşünürəm ki, Vətən insanın ruhundan başlayır.
Xalq şairi Bəxtiyar Vahabzadənin təbiri ilə desək, “insan torpaqdan yaranır, böyüyür, yaşlanır. Yaşlandıqca da yavaş-yavaş torpağa əyilir - sonda ona qovuşmaq üçün”... Deməli, vətən torpağı hər bir insan üçün ən müqəddəs bir məkandır: diri ikən üstündə yaşamaq üçün, ölərkən altında rahat uyumaq üçün. Vətən torpağı keçmişimizdən, ulu babalarımızdan bizlərə qalan ən dəyərli əmanətdir. Ona görə də hər birimiz bu torpağın qədrini bilməli, onu göz bəbəyimiz kimi ləyaqətlə qorumalı və gələcək nəsillərə ötürməliyik.
Tədbirdə şagirdlər Ana təbiətin məktubu kompazisiyasını canlandırdılar. Vətənimizin şanına nəğmələr oxuyub, şeirlər söylədilər.
Tədbir məktəbimizə gələn qonaqlar tərəfindən bəyənildi və sonda xatirə şəkli çəkdirildi.