Bahar təravətli Novruz

Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı! Uzun illər taleyinə ağrı-acı düşən, lakin unudulmayan bu bayram bizim milli bayramımızdır.
Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni il həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Gənc qızlar, oğlanlar məşəl yandırır, tonqal üstündən tullanır, evlərə papaq atır, qulaq falına çıxırlar. Küçədə də, qatarda da, məktəbdə də, idarə və müəssisələrdə də hamının dilində eyni sözlər səslənir: «Bayramınız mübarək!»
Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur.
Novruz bayramı zamanı məhəllələrdə, xüsusən də kənd yerlərində uşaqlar və gənclər qapı-qapı gəzib bayram payı toplayır, müxtəlif oyunlar keçirirlər. Novruzun bir bəzəyi də kosa və keçəldir. Onlar öz oyunları ilə uşaqlara sevinc gətirir, onları əyləndirirlər.
Novruz bayramı zamanı ölüb-keçənlər də yad edilir, Vətən uğrunda canını fəda edənlərin uyuduğu Şəhidlər xiyabanından insan axınının ayağı kəsilmir. Bu əziz günlərdə heç kəs onları yad etməyi unutmur. Novruz bayramı xalqımızın həyata nikbin baxışının, təbiətin və insanlığın qələbəsinə inamının bayramıdır. İndiyə qədər öz qüvvətli təsirini saxlayan bu ənənəvi bayram məişətlə ən kütləvi xalq bayramıdır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan “Bahar çələngi” layihəsi Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə də icra edildi. Bu layihə çərçivəsində bir sıra tədbirlər həyata keçirildi.
Şagirdlər tərəfindən mənəvi dəyərlərimzi əks etdirən “Yurdumuza bahar gəlir”, “Novruz gəlir”, “Novruz töhfələri”, “Səməni, saxla məni”, “Novruz xalq bayramıdır” başlığı altında guşə və divar qəzetləri hazırlandı.
Tarix Diyarşünaslıq muzeyində Sayad Rəfiyevin təşkilatçılığı ilə “Elimizə Bahar gəlir”adlı Dəyirmi-Masa keçirildi. Sayad müəllim şagirdlərə Novruz bayramının tarixi haqqında ətraflı məlumat verdi. Eyni zamanda Dəyirmi-Masada milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılıb və xalqımıza bundan sonra xoş günlər görmək diləndi.
Məktəbdə hər sinifdə kiçik də olsa, Novruz tədbirləri keçirildi. Şagirdlər milli adət-ənənələri yaşadaraq qonşu siniflərə papaq atıb, qulaq falına çıxdılar.
Bu tədbirlər sislsiləsi məktəbin akt zalında davam etdirildi. Məktəbin pedaqoji kollektivi, valideyn və şagirdlərin iştirak etdiyi tədbirdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, Su, Od, Yel və Torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verildi. Bildirildi ki, varlığın yenidən canlanmasını müjdələyən Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır.
Məktəbin direktoru Ofeliya Məmmədova tədbir iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə təbrik edərək, bayramın xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirdi. Novruzun sülh və əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu deyən məktəb direktoru bu bayramın yenidən Qarabağ torpaqlarında keçirilməsinin insanlara ayrıca bir sevinc bəxş etdiyini diqqətə çatdırdı.
Tədbirdə çıxış edən qonaqlar xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdilər ki, zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət və səmimi münasibətləri bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğur.
Bayram şənliklərində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxudu, şeirlər söylədi, maraqlı səhnəciklər göstərərək, milli rəqslər ifa olundu. Şagirdlər xalq oyunu olan “fincan-fincan” ı nümayiş etdirdilər. Sonda hər kəs yallı getdi.