Ağacəkmə aksiyası

Ağaclar atmosferin çirklənməsinin qarşısını alan ən etibarlı müdafiə vasitəsidir. Onlar havanı işlənmiş qazlardan təmizləyir və şəhərlərin səs fonunu tənzimləyir. Bir ağac il ərzində atmosferə təxminən 120 kiloqram oksigen buraxır. Bu qədər oksigen üç nəfərdən ibarət bir ailənin bütün il boyu tənəffüsünə bəs edər. Ağac ona lazım olan qidanın 90 faizini atmosferdən, 10 faizini isə torpaqdan alır.
İnkişaf etmiş kök, gövdə, yarpaq, çiçək, meyvə və toxuma malik olan ağaclar ali bitkilərdir. Ağacların gövdələri hündür və odunlaşmış olur, gövdə budaqlanaraq çətir əmələ gətirir. Çinar, qoz, fıstıq, şam, vələs, palıd, armud kimi bitkilərdə gövdə inkişaf etmiş oduncağa malikdir. Orta hündürlükdə bir ağacdan təxminən 170 000 karandaş hazırlamaq olar.
Bu gün Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin “Bahar çələngi” layihəsinin icrası ilə bağlı olaraq məktəbin həyətyanı sahəsində ağacəkmə aksiyası keçirildi. Məktəbin ibtidai sinif müəllimi Sənubər Babayevanın rəhbərlik etdiyi 4”Ə” sinif şagirdləri məktəbin həyətində ağaclar əkdilər. Məktəbin məzunları – Ayxan Vəliyev, Feyzulla Babayev və 44 günlük Vətən müharibəsində Füzuli və Laçın istiqamətində gedən döyüşlərdə QAZİ adına layiq görülmüş Əhmədli Yusif də bu aksiyaya qoşularaq, ağac tinglərini göndərmişlər. Aksiyaya qoşulmaqda məqsəd atmosferi oksigenlə zənginləşdirmək, ətraf mühiti qorumaq və məktəblilərin diqqətini yaşıllıqların qorunmasına cəlb etməkdir. Əkilən hər ağac 44 günlük Vətən müharibəsində şəhid olmuş hər bir əsgərin xatirəsinə həsr olunub. Bu ağacəkmə aksiyası mart ayı ərzində məktəb kollektivi tərəfindən davam etdiriləcək.