XOCALI – TARİX UNUDULMUR

Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Bu cür işğalçı qəsbkarlıq qan-xəta, ölüm-itim, fəlakət, dağıntı və dəhşətli faciələri ilə yadda qalır. Ona görə də yaraları dərin və sağalmaz iz buraxır. Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!
Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə oluna bilər. Xocalı faciəsi təsadüfi hadisə deyil. Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi.
Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçirildi, ilk dərslər “Xocalı”ya həsr olundu. Məktəbdaxilində “Xocalı soyqrımını unutma!” mövzusunda rəsm və inşa müsabiqəsi baş tutdu. Rəsm müsabiqəsi üzrə 10Ç sinif şagirdi Cəfərova Aygün Akif qızı, inşa müsabiqəsi üzrə isə 9B sinif şagirdi Abbaslı Nəzrin Toğrul qızı qalib oldu. Onlar Binəqədi rayon Gənclər və İdman İdarəsinin eyniadlı tədbirinə göndərildi. Cəfərova Aygün Akif qızı “Fərqlənmə” diplomu ilə təltif olundu.
Məktəbin Tarix-Diyarşünaslıq Muzeyində Xocalı soyqrımının 30-cu ildönümünə həsr olunmuş Dəyirmi-Masa keçirildi. Şagirdlər Xocalı haqqında şeirlər söylədilər. Tarix müəllimi Sayad Rəfiyev şagirdlərə Xocalı haqqında əsl həqiqətləri söylədi.
Tədbirlər silsiləsi Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompazisiya ilə məktəbin akt zalında davam etdirildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbiri məktəbin direktoru Ofelya Məmmədova açıq elan etdi. İlk öncə, bir dəqiqəlik sükutla Vətən şəhidlərinin ruhu anıldı.
Xocalı haqqında səhnəciklər nümayiş etdirildi. Səhnəcikdə iştirak edən məktəbin 10B sinif şagirdi Aqil Hacıyev toyu olan qazi obrazını ifa edirdi. O, ifa etdiyi obrazda öz toyunu bəylik kostyumunda yox, hərbi paltarda keçirməyi üstün bildi. 44 günlük Vətən Müharəbəsində şəhid olmuş döyüş yoldaşlarının portretləri ilə sağlığında onlara söz verdiyi kimi vağzalı sədaları altında rəqs etdi. Bu səhnəcik zalda əyləşən tamaşaçıların gözyaşlarına səbəb oldu. Səhnəciyi davam etdirən 11Ç sinif şagirdi Mahmudova Jalə “Xocalı vağzalısı” şeirini söylədi. Tədbiri rəssam Şəhla İmaməliyevanın əl işləri də bəzədi.
Sonda tədbir iştirakçıları “Heyratı” üstündə bəstələnmiş “Qalx ayağa millət” mahnısını ifa etdilər.