Cənnətdəki 20 yaşın mübarək, VƏTƏN OĞLU!!

Vətən bizim yaşadığımız və yaşamadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlayır. Vətən onun yamyaşıl çəmənlərindən, durna gözlü bulaqlarından, coşqun çaylarından, masmavi göllərindən başlayır. Vətən müqəddəsdir, ülvidir. Onun dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.
Vətənim Azərbaycan! Sən, biz azərbaycanlıların tarixi vətəni, tarixi yurdusan. Sənin hər qarışın – dağın, daşın, durna gözlü bulaqların bizim üçün əzizdir, doğmadır. Hər bir azərbaycanlı səni göz bəbəyi kimi qorumalı, lazım gələrsə, uğurunda canını belə, fəda etməlidir.
Başıbəlalı vətənim, həmişə, hər zaman səni parçalamağa çalışdılar. Amma sən yenə də öz məğrurluğunu qoruyub saxladın. Əlbətdə ki, qəhrəman oğullarının sayəsində.
...Düşmən qarşısında inamla dayanıb, Vətənimizi, torpaqlarımızı qoruyarkən şəhid olan igid qardaşlarımızdan biri, Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin məzunu olmuş Fərid Asif oğlu Məhərrəmov!
O, “Vətən sağ olsun” deyib, gözünü qırpmadan vətənin müdafiəsinə qalxdı, soyuq səngərdə döyüşərək, qəhrəmancasına şəhid oldu.
08.02.2022-ci ildə şəhidimiz Fərid Asif oğlu Məhərrəmovun doğum günü idi. Yaşasaydı, 20 yaşını qeyd edəcəkdi Fərid! Məzunu olmuş Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin həyətində qəhrəman Fəridin anım (doğum) günü qeyd edildi. İlk öncə bir dəqiqəlik sükutla Şəhidlərimizin ruhu anıldi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan anım günündə məktəbin direktoru Ofelya Məmmədova çıxış edərək, məktəb şagirdləri ilə Fərid haqqında öz xatirələrini bölüşdü, onun qəhrəmnlığından igidliyindən, soyuq səngərdə döyüşərək, ölümün gözünə dik baxaraq, Vətənin azadlığı uğrunda ŞƏHİDlik zirvəsinə yüksəldiyindən danışdı. Daha sonra söz məktəbin direktor müavini Ruslan Məhiyevə verildi. O da Fərid və onun kimi Vətənin azadlığı uğrunda canından keçən qəhrəman oğullardan - QAZİlərimizdən, ŞƏHİDlərimizdən danışdı. Allahdan ŞƏHİDlərimizə rəhmət. QAZİlərimizə isə cansağlığı dilədi.
Əllərində məktəbin rəssamı Şəhla İmaməliyevanın əl işi olan, Qəhrəman Fəridimizin yağlı boya ilə işlənmiş şəklini tutan məktəb şagirdləri Şəhidlər haqqında şeirlər söylədilər.
Sonda məktəbin X və XI sinif şagirdləri “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı altında əllərindəki şarları havaya uçurtdular.