20 YANVAR FACİƏSİ – XALQIMIZIN QƏHRƏMANLIQ TARİXİ

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.
Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxartdı. Əslində imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperyanı zor gücünə mühafizə etmək təşəbbüsü də boşa çıxmış oldu.
Bu faciənin 32-ci ildönümünə həsr olunmuş Tədbirlər Planına əsasən, bir sıra tədbirlər həyata keçirildi.
Bu gün Binəqədi rayon Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə ilk dərslər 20 yanvar faciəsinin 32-ci ildönümünə həsr edildi. Məktəbin Tarix-Diyarşünaslıq Muzeyində tarix müəllimi Sayad Rəfiyevin rəhbərliyi ilə Qanlı Yanvar faciəsinə həsr edilmiş Dəyirmi-Masa keçirildi. Sayad müəllim şagirdlərə bu qanlı faciənin canlı şahidi kimi yaşadığı acıları çatdırdı.
Məktəbin Akt Zalında isə “Unudulmaz yanvar faciəsi” adlı ədəbi-bədii tədbir keçirildi. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbiri məktəbin direktoru Ofelya Məmmədova öz təqdirəlayiq çıxışı ilə açıq elan etdi.
Tədbirdə fəxri qonaqlar qismində Veteranlar Təşkilatının sədr müavini, I Qarabağ müharibəsi iştirakçısı mayor Vəliyev Telman və Zalov Bünyad, Firudin Bəy Köçərli adına Uşaq Kitabxanasının Binəqədi rayon fililaının nümayəndələri də iştirak edirdi.
Tədbirdə məktəbin tarix müəllimi Tahirə Bayramova çıxış edərək bildirdi ki, “Sovet Ordusu qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milislər olmuşdur. Qara Yanvar faciəsi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSRİ Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Eyni zamanda bu gecədə evlərə girib uşaqları girov götürür, bəzilərini isə öldürürdülər”.
Bədii Kompazisiyanın tərkibində şagirdlər 20 yanvar faciəsinə aid şeirlər söylədilər, video-çarxlar nümayiş olundu.
Məktəbin rəssamı Şəhla İmaməliyeva şəhidlərə həsr etdiyi “Şəhidlər ölməz” adlı şeiri ilə tədbir sona yetdi.