Əbədiyaşar Liderimiz

Bu gün müasir Azərbaycanın qurucusu və memarı Ulu öndər Heydər Əliyevin vəfatından 18 il ötür. Müstəqil Azərbaycan Ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində ucaltdığı əzəmətli abidədir. Çünki Azərbaycanın bugünkü inkişaf yolunun əsas istiqamətlərindən danışarkən birmənalı şəkildə qeyd etmək lazımdır ki, bu inkişaf xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin ardıcıl davam etdirilməsinin nəticəsidir.
Heydər Əliyev fenomeninin əsas xüsusiyyətlərindən biri də ondan ibarət idi ki, o, başladığı işlərin nəticəsini əvvəlcədən görür və hesablaya bilirdi. Buna görə də cəsarətlə elan edirdi ki, Azərbaycan müstəqilliyini elan edəndən sonra bəyan etdiyi demokratiya, bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat, dünya birliyinə, dünya iqtisadiyyatına inteqrasiya prinsiplərini həyata keçirməyə başlamış, həm də böyük nailiyyətlər əldə etmişdir və elə yola çıxmışdır ki, artıq bundan sonra daha da sürətlə irəliləyəcəkdir.
10 dekabr Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş bir sıra tədbirlər və açıq dərslər keçirildi, "Əbədiyaşar Liderimiz” adlı inşa müsabiqəsi təşkil olundu. 9"B" sinif şagirdi Abbaslı Nəzrin qalib olaraq, birinci yerə layiq görüldü. Qalib şagird Binəqədi Gənclər və İdman İdarəsinin eyniadlı müsabiqəsinə göndərildi.
Məktəbin tarix müəllimi Sayad Rəfiyevin təşkilatçılığı ilə Tarix Diyarşünaslıq Muzeyində Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş dəyirmi-masa da keçirildi. Dəyirmi-masanı öz çıxışı ilə açıq elan edən Sayad Rəfiyev bildirdi ki, “Azərbaycanın tarixi və taleyi Heydər Əliyevin adı ilə - qırılmaz tellərlə bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.
O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşğun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.
Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar edib. Xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Xalq Heydər Əliyevin bu qayıdışını ümid və sevinclə qarşılayaraq, həmin günü "Milli Qurtuluş günü" kimi müstəqil Azərbaycanın tarixinə yazıb.
Məktəbin təsviri incəsənət müəllimi Şəhla İmaməliyevanın Ümummilli lider, Dahi Şəxsiyyət Heydər Əliyevə həsr olunmuş əl işləri dəyirmi-masanı bəzədi. O dahi şəxsiyyətin portretini muncuqlarla işləmişdir. Şəhla xanım da öz növbəsində dəyirmi-masada çıxış edərək, doğma Vətənimizə həsr etdiyi “Azərbaycan” şeirini söylədi.
Sonda vətənpərvər müəllim Sayad Rəfiyev şagirdləri "Gənc Heydərçilər" olmağa səslədi.