Qarabağ Azərbaycandır!

Artıq 44 günlük Vətən müharibəsinin başlamasından 1 il ötür.
Sentyabrın 27-si Azərbaycanda "Anım Günü"dür. Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən "Anım Günü" 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na əsasən 27 sentyabr 2021-ci il tarixində 99 nömrəli tam orta məktəbdə bir sıra tədbirlər keçirildi. Tədbirlər silsiləsi məktəbin həyətindən Azərbaycan Respublikasının Dövlət Himnin səslənməsi ilə başladı. Şagirdlər məktəbin şəhid məzunu Fərid Məhərrəmovun şəkli önünə qərənfillər düzərək, siniflərə daxil oldular.
Məktəbin direktoru Ofeliya Məmmədova çıxış edərək, Şəhidlərimizi sükutla yad etməyi bildirdi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi və Allahdan onlara rəhmət diləndi. Şagirdlər Vətən qəhrəmanları haqqında şeirlər söylədilər.
Tədbirlər silsiləsi siniflərdə və Tarix-Diyarşünaslıq Muzeyində davam etdi. Siniflərdə ilk dərslər 44 günlük Vətən müharibəsinə həsr olundu və şagirdlərə günün tarixi və qəhrəman Şəhidlərimiz haqqında video-çarxlar nümayiş olundu.
4"Ə" sinif şagirdləri Sənubər Babayevanın təşkilatçılığı ilə ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Hər şagird bir Şəhidin həyatı haqqında məlumat əldə etmiş, onun şəkil portretini hazırlamışdılar. Onlar bununla hər şəhidi canlandırmağa çalışdılar.
Tarix Diyarşünaslıq muzeyində məktəbin tarix müəllimi Rəfiyev Sayad Azərbaycanın ta qədimdən indiyə qədər başına açılan müsibətlərdən söhbət açdı. Cənab prezidentimizin fikirlərindən sitat gətirərək, bildirdi ki, "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir”.
Məktəbin dram dərnəyinin rəhbəri Əbdüləli Abdullayev bir qazi atası kimi öz fikirlərini şagird və müəllim kollektivi ilə bölüşdü. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Ruslan Məhiyev isə şagirdləri Vətənpərvər olmağa səslədi və bu torpaqların bundan sonar onlara əmanət olduğunu vurğuladı.
Sonda ” Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” şüarı ilə tədbir yekunlaşdı.