Dünyanın mədəniyyət xəzinəsinə bir sıra elmi yeniliklər bəxş etmiş insan

        Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Eynşteyn və Nyutonla bir sıraya qoyulan alim elmə mühüm töhfələr verib. Professor Lütfi Zadə, yalnız elmi və fəlsəfi düşüncəyə deyil, həm də texnoloji inkişafa təsir edən və təsir göstərəcək vacib fikirləri ortaya qoyan və irəli sürən dahi bir şəxsiyyətdir. Lütfi Zadə orijinal elmi ideyaları və yanaşmaları ilə yeni elmi istiqamətlər formalaşdıran dahi alimlərdən biridir.

          Dünyanın mədəniyyət xəzinəsinə bir sıra elmi yeniliklər bəxş etmiş, özünün fundamental kəşfləri və heyrətləndirici ideyaları ilə müasirlərinə böyük təsir göstərmiş Lütfi Zadə yaradıcılığının mahiyyətini anlamaq və onun ictimai şüura verdiyi yeni impuls və istiqamətləri obyektivcəsinə dəyərləndirmək üçün hər şeydən əvvəl, bu kəşflərin real məzmunu ilə yanaşı fəlsəfi mahiyyətinə də varmaq, onları fəlsəfi təfəkkürün dili ilə səsləndirmək lazımdır. Müasir elmi dairələrdə böyük nüfuz qazanmış bu böyük alimin və mütəfəkkirin nəzəri təfəkkürü yeni rakursdan işıqlandıran və insan idrakının üfüqlərini Aristotelin ənənəvi, binar məntiqindən xeyli yüksəkliyə qaldıran qeyri-səlis məntiqi XX əsrin fundamental kəşflərindən biri kimi hazırda dünya alimləri tərəfindən heyranlıqla qarşılanmaqda və intensiv tədqiq edilməkdədir. Təsadüfi deyildir ki, hazırda bu nəzəriyyə Yaponiya, Almaniya, ABŞ, Rusiya, Çin, Türkiyə, Fransa və bir sıra digər ölkələrdə vaxtaşırı keçirilən beynəlxalq konfransların, simpoziumların, elmi seminarların geniş müzakirə obyektinə, dialoq predmetinə çevrilmişdir. Elə bu faktın özü dünya alimlərinin Lütfi Zadə nəzəriyyələrinə verdikləri yüksək dəyərin çox mühüm göstəricisidir. Lütfi Zadə dünya elminə ona şöhrət qazandırmış qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə, 5 fundamental nəzəriyyə bəxş edib.
    “Təəssüratlar nəzəriyyəsi”, “Fəza vəziyyətləri nəzəriyyəsi”, “Sözlə hesablama nəzəriyyəsi”, “Soft Computing nəzəriyyəsi”, “Optimal süzgəclər nəzəriyyəsi” kimi elmi kəşflər dünya elminin inkişafında böyük rol oynayıb. Eyni zamanda bu gün bu nəzəriyyələr həyatımızın bir çox sahələrində çox geniş tətbiq olunur.
      Sözlə işləyən kompyuterlər nəzəriyyəsi əsasında işləyən kompyuterlərdə informasiyanın qranulyasiyası kimi sözlər, cümlələrdən istifadə olunur. Bu tip kompyuterlər təxmini məntiqi nəticə çıxarma qabiliyyətinə malik olan və təəssürat əsasında informasiyanı işləyə bilən insan beyninə ən adekvat texniki modeldir.
    Təəssürat nəzəriyyəsi isə dəqiq ölçmə aparmadan ətraf aləm haqqında tez və dolğun informasiya almaq üsullarını verir. Bu nəzəriyyənin məqsədi insanda mövcuda oxşar süni təəssürat sistemini yaratmağın prinsip və   üsullarını verməkdir.
     1963-cü ildə idarəetmə nəzəriyyəsini kökündən dəyişdirən vəziyyətlər fəzası yanaşmasını təklif edir və Çarlz Dezoirlə birlikdə “Xətti sistemlər nəzəriyyəsi” kitabını nəşr etdirir.
      Fəza vəziyyətləri nəzəriyyəsi dinamik sistemlərin idarə olunması və müşahidə olunma nəzəriyyələri müasir idarəetmə elminin əsasını təşkil edir. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) bu nəzəriyyələr əsasında idarəetmə sistemlərini tədqiq edir, layihələndirir və tətbiq edir.
       “Soft Computing” nəzəriyyəsi isə qeyri-səlis məntiq, süni neyron şəbəkələri, genetik alqoritmlər, xaos nəzəriyyəsi və ehtimal nəticə çıxarmaq paradiqmlərinin intellektual kombinasiyalarını özündə əks etdirən yeni texnologiyaların əsasını təşkil edir.
       L.Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi kimi “Optimal süzgəclər nəzəriyyəsi” də müasir riyaziyyatda və kibernetikada yeni bir addım, yeni bir hadisədir. Bu nəzəriyyə təkcə elmi orijinallığı ilə deyil, həm də əməli nəticələri ilə qiymətlidir.
        Lütfi Zadə dünyada əsərlərinə ən çox istinad edilən alim sayılır. Təkcə 1990-2000-ci illərdə onun əsərlərinə 36 mindən çox istinad edilib.

Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin Ubtr Aynurə Nərimanova

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi