1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onları müdafiə etmək hər bir kəsin borcudur. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da hər il qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 22 dekabr 2008-ci il tarixli sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il "Uşaq ili" elan olunub.
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan uşaqları dövlətin və cəmiyyətin qayğısı ilə tam əhatə olunub. Çünki uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqət və qayğısı ilə əhatə olunması məsələsi ölkəmizdə bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olub. Azərbaycan cəmiyyəti həmişə uşaqlara qarşı məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyüməsi üçün hər cür şərait yaratmağa çalışıb.
Son illər ölkəmizdə dövlət başçısı İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı, nəvaziş hər kəsə yaxşı məlumdur. Məhz uşaqlara olan sonsuz qayğının nəticəsidir ki, ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasəti bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu diqqət və qayğını isə bağçaların, məktəb binalarının sayının ildən-ilə artmasından, uşaqların savadlı olmaları üçün təhsil sahəsinin daim diqqət mərkəzində saxlanılmasından aydın şəkildə görmək olar.
Azərbaycanda uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr həyata keçirilir. Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.