Hüseyn Cavidin "Ana" dramı

H.Cavid: "Zaman gələcək yazılmamış əsərlərimə, qaranlıq zindanıma xalqım da ağlayacaq. Tarixə, xalqa xeyir vermiş, vaxtından əvvəl itirilmiş günahsız, ləkəsiz zavallılar üçün nə qədər təəssüf ediləcək".
Hər bir xalqın ədəbiyyat tarixində elə şəxsiyyətlər olur ki, onların yaratdığı sənət möcüzələri əbədi olaraq qalır, neçəneçə nəsillərin bədii zövqünü oxşayır. Azərbaycan ədəbiyyatı tarixi belə şəxsiyyətlərin adı və ədəbi irsi ilə sıx zəngindir. Onların hər birinin yaradıcılığı bir dünya olub, öz epoxasının həyatına güzgü tutmaqla həqiqətləri bizə çatdırır. Bunların içərisində görkəmli Azərbaycan şairi Hüseyn Cavidin xüsusi yeri vardır.
Hüseyn Abdulla oglu Rasizadə 1882-ci ildə Naxçıvanda anadan olmuşdur. İlk təhsilini mollaxanada almışdır. Sonra yeni tipli "Tərbiyə" məktəbində təhsil alan Hüseyn Cavid burada dünyəvi elmlərə yiyələnir. Təbrizdəki "Talibiyyə" məktəbində, sonra isə İstanbul Universitetində təhsil alır. Onun dünyagörüşünün inkişafında görkəmli türk şairlərinin böyük rolu olmuşdur.
Cavid əfəndi ədəbiyyatımızda romantizmin yaradıcılarındandır. Lirik, epik, dramatik növdə yazmışdır. Əruz və heca vəznlərindən istifadə etmişdir.
Sovet hakimiyyəti dövründə onun əsərləri nəşr olunur və tamaşa qoyulur. Bu da bəzi paxıl və xəbis insanları qıcıqlandırır. Onu burjua yazıçısı adlandırırlar. Bunun nəticəsində, 1937-ci ildə günahsız yerə həbs olunur. 1941-ci ildə Sibirdə həbs düşərgəsində vəfat edir. 1956-cı ildə ədibə bəraət verilir.
1982-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin cənazəsi vətənə gətirilir və Naxçıvanda dəfn edilir.
Binəqədi rayonu, Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Pəri Həsənova 8e sinif şagirdləri ilə birgə ədibin "Ana" dramını onlayn şəkildə səhnələşdiriblər. Tamaşa şagirdlər tərəfindən maraqla qarşılanıb.