“Azərbaycan Səninlədir, Sənsiz deyil”

Ulu öndər Heydər Əliyevin anadan olmasından 98 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır.
Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.
Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib.
Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir.
Binəqədi rayonu Həsən Cəbrayılov adına 99 nömrəli tam orta məktəbin şagirdləri arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Azərbaycan Səninlədir, Sənsiz deyil” mövzusunda onlayn şeir müsabiqəsi keçirildi.
Müsabiqənin keçirilməsində əsas məqsəd
- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünün qeyd olunması;
- Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin yeniyetmə və gənclər arasında geniş təbliğ edilməsidir.
Müsabiqədə I-IX sinif şagirdləri iştirak etdilər. Qalib şagirdlərin videoları Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkil etdiyi eyniadlı müsabiqəsinə göndərildi. Bu müsabiqədə isə məktəbin 5d sinif şagirdi Lətifli Nərminə və 8ç sinif şagirdi Quliyeva Sevgi "Fərqlənmə"yə layiq görüldülər.