MÜSTƏQİLLİK GÜNÜ

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
Bu şanlı tariximiz - 28 May Müstəqillik Günü hər il ümumölkə miqyasında qeyd olunur.
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin adını daşıyan 98 nömrəli məktəbdə də bu günə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də məktəbin kitabxanasında kitabxana müdiri Ülkər Əhmədovanın, ingilis dili müəllimi Tahirə İbrahimovanın və 7B sinif şagirdlərinin iştirakı ilə oldu. Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Sonra Müstəqillik Günümüz haqqında məlumatlar verildi, videoçarxlar nümayiş etdirildi. Sonda Ülkər Əhmədova şagirdləri Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası ilə tanış etdi. Onlara ensiklopediyadakı şəkilləri göstərərək hər biri haqqında maraqlı məlumatlar verdi.