DİLİMİZ - KİMLİYİMİZDİR !

21 fevral – Beynəlxalq Ana Dili Günü münasibətilə İlqar Mİrzəyev adına 98 nömrəli tam orta məktəbdə maraqlı və yaddaqalan tədbir keçirilib. Tədbir Azərbaycan, rus və ingilis dillərində təşkil olunaraq, ana dilinin qorunması və inkişaf etdirilməsinin vacibliyinə həsr edilib. Şagirdlər dillərin yaranması haqqında videoçarx izləyib, bu mövzu ilə bağlı məlumat paylaşıblar. Həmçinin, şeirlər, müdrik kəlamlar söyləyib və hazırladıqları təqdimatları nümayiş etdirərək tədbirə xüsusi rəng qatıblar. Dilin insanın kimliyi və mədəniyyətinin ayrılmaz hissəsi olduğu vurğulanıb. Şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümumilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli - mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.
Tədbirin sonunda şagirdlər “Ana dilimizi qoruyaq!” adlı flashmob təşkil edərək ana dilinə olan sevgilərini nümayiş etdiriblər. Məktəb rəhbərliyi və müəllimlər bu cür tədbirlərin dilə və mədəniyyətə bağlılığın güclənməsində mühüm rol oynadığını bildiriblər.
Tədbir maraqlı anlarla yadda qalıb və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.