2A SİNFİNİN QƏHRƏMANLARA SAYĞISI
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbin 2 “A” sinif şagirdləri, sinif müəllimi Gülşən Əliyevanın rəhbərliyi ilə Şəhidlər Xiyabanını ziyarət etdilər. Ziyarət zamanı şagirdlər Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edərək onların əziz xatirəsini yad etdilər.
Gülşən Əliyeva şagirdlərə 20 Yanvar faciəsinin tarixi əhəmiyyətindən və xalqımızın azadlıq mübarizəsində oynadığı mühüm roldan bəhs etdi. O, şəhidlərin vətənpərvərlik nümunəsi olduğunu vurğuladı və onların hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyi olduğunu bildirdi.
Ziyarət zamanı şagirdlərə şəhidlər xiyabanında dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanlarının və 20 Yanvar şəhidlərinin həyatları haqqında məlumat verildi. Məktəb şagirdləri əllərində üçrəngli Azərbaycan bayraqları və güllər gətirərək, şəhidlərə öz dərin hörmət və ehtiramlarını ifadə etdilər.
Bu tədbir şagirdlərin milli mənlik şüurunun formalaşmasına, vətənpərvərlik ruhunun daha da möhkəmlənməsinə və Azərbaycanın qəhrəmanlıq tarixini dərindən öyrənmələrinə töhfə verdi. Ziyarət bir dəqiqəlik sükutla başa çatdı və “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə yekunlaşdı.