"AĞ ÖLÜM"Ə VƏ "UŞAQ ƏMƏYİ"NİN İSTİSMARINA YOX DEYƏK !
Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyev adına 98 nömrəli tam orta məktəbdə Uşaq hüquqları ayı çərçivəsində məktəbin psixoloqu Ramilə Teymurova "Ağ ölümə və uşaq əməyinin istismarına yox deyək" mövzusunda 7B sinfində maarifləndirici tədbir keçirdi. Tədbirin əsas məqsədi şagirdlərə narkotik maddələrdən uzaq durmanın önəmini və uşaq əməyinin istismarının yaratdığı mənfi təsirləri izah etmək idi. Ramilə Teymurova ilk olaraq "ağ ölüm" adlandırılan narkotik asılılığının fəsadları haqqında danışdı. O, narkotik vasitələrin fiziki və psixoloji sağlamlığa vurduğu zərərləri, asılılıq yaradan təsirini və həyat üçün yaratdığı təhlükələri izah etdi. Psixoloq, uşaqlara bu təhlükədən uzaq durmaq üçün diqqətli olmaları və hər hansı bir şübhəli vəziyyətlə qarşılaşdıqları zaman böyük birindən yardım istəməyin vacibliyini vurğuladı.
Tədbirin digər hissəsində isə uşaq əməyinin istismarı məsələsinə toxunuldu. Ramilə Teymurova uşaqların sağlam böyümə və inkişaf hüququna malik olduğunu və təhsil alaraq gələcəyə hazırlaşmalarının əsas prioritet olduğunu bildirdi. O, uşaqların işlədilməsinin onların təhsil hüququna, fiziki və zehni inkişafına zərər vurduğunu vurğuladı.
Sonda, psixoloq şagirdlərə hər zaman hüquqlarını bilməyin, özlərini təhlükələrdən qorumağın və hüquqlarını pozan hər hansı bir vəziyyətdə güvəndikləri şəxslərə müraciət etməyin əhəmiyyətini xatırlatdı. Tədbir, şagirdlərin bu məsələlər barədə daha məlumatlı olmasını və özlərini təhlükələrdən qorumaq üçün hansı addımları atmalarını öyrətmək məqsədilə təşkil edilmişdi.