“Son zəng” tədbiri keçirilib

14 iyun 2025-ci il tarixində Bakı şəhəri 90 nömrəli tam orta məktəbdə ənənəvi “Son zəng” tədbiri baş tutub. Məktəbin həyətində təşkil olunan tədbir saat 10:00-da Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə şəhid məzunlarımız Seyidov Əli, Osman Manafov ,Tural Dəmirçiyevin anaları, məktəb rəhbərliyi, müəllim kollektivi, məzun valideynləri və şagirdlər iştirak ediblər. Təbrik nitqi ilə çıxış edən məktəb direktoru Vələddin Nurəddinov məzunları “Son zəng” münasibətilə təbrik edib, onlara uğurlu gələcək, məsuliyyətli vətəndaş kimi yetişməyi, təhsillərini davam etdirərək nailiyyətlər qazanmalarını arzulayıb.
Şəhid məzunlarımızın nur üzlü anaları çıxış edərək sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib, onlara olan etimadı hər zaman doğrultmağı tövsiyə ediblər.
Tədbir çərçivəsində təlim-tərbiyə işləri üzrə direktor müavinləri – Alvina Cavadova, Günel Muradova, Sevinc Zaxarova və tərbiyə işləri üzrə müavini Aygün Sadıqova da çıxış edərək məzunlara xoş arzularını bildiriblər.
Daha sonra məktəbin məzunlarının ifasında musiqi nömrələri, rəqslər və maraqlı səhnəciklər təqdim olunub. Təhsilini uğurla başa vuran şagirdlər fəxri fərmanlarla təltif edilib.
Qürur və duyğularla dolu “Son zəng” tədbiri iştirakçılar üçün unudulmaz anlar yaşadıb və gələcəyə uğurlu addımlar atan məzunlar üçün xüsusi bir xatirəyə çevrilib.