"Narkotikə yox deyək" mövzusunda tədbir keçirilib

23.05.2025-ci il tarixdə Rixard Zorge adına 90 nömrəli tam orta məktəbin akt zalında "Narkotikə yox deyək" adlı tədbir keçirilib.
Tədbirdə Sabunçu Rayon Polis İdarəsinin şəxsi heyətlə iş üzrə köməkçisi Vüsal Sərdarov, Həkim psixoloq Ofelya Məmmədova, Həkim narkoloq Yaşar Bədəlli ,90 nömrəli tam orta məktəb direktoru Vələddin Nurəddinov ,müəllimlər və şagirdlər iştirak edib.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açılışı elan olunan tədbirdə Vətən müharibəsində şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki ,cəmiyyətdə "ağ ölüm" kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Əfsuslar olsun ki, bu gün narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni isə təsəvvür etmək belə qorxuncdur. Çünki gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur.
Narkomaniyanın qarşısının alınmasının əsas məqsədi sağlam mühit və sağlam gələcək yaratmaqdır. Buna görə də cəmiyyətdə və yaxın ətrafımızda sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlərə profilaktik tədbirlər görmək lazımdır, çünki sağlamlıq həmçinin insanların fiziki, psixoloji və sosial rifahıdır. İnsan üçün dünyada ən önəmli dəyər həyatdır, həyatda isə ən vacib amil sağlamlıqdır. Bu qorxunc bəladan gənclərimizi uzaq tutmaq və maarifləndirmək üçün hər zaman təbliğat işləri aparılır.
Tədbir şagirdlərin hazırladığı kompozisiya ilə davam etmişdir. Şagirdlər mövzu üzrə tamaşa nümayiş etdirdilər. Həmçinin mövzu ilə bağlı video materiallara baxış keçirildi.Tədbir boyunca müzakirələr aparılmış, rəylər dinlənilmiş və xatirə şəkilləri çəkdirilmişdir.