Şagirdlərlə tullantıların idarə olunması sahəsində maarifləndirici görüş keçirilib

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 90 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirilib.
Uşaqların erkən yaşlardan etibarən ətraf mühit sahəsinə marağının artırılması, gənc nəsildə ekoloji şüurun formalaşması, tullantıların düzgün idarə olunması, şagirdlərdə tullantıların idarə olunması və təkrar emal mövzusunda məlumatlılıq səviyyəsinin artırılması məqsədilə təhsil müəssisələrində mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Növbəti görüş Sabunçu rayonu 90 nömrəli tam orta məktəbin şagirdləri ilə təşkil olunub və şagirdlərə tullantıların düzgün çeşidlənməsi, təkrar emalın əhəmiyyəti və ekoloji mədəniyyətin formalaşması ilə bağlı məlumatlar verilib. Daha sonra uşaqlarla tullantıların növlərinə aid interaktiv oyun keçirilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda şagirdlərə ətraf mühitin mühafizəsinə dair dərsdənkənar vəsaitlər hədiyyə olunub.
Eyni zamanda, 90 nömrəli tam orta məktəb coğrafiya müəllimi Ramilə Məmmədlinin təşkilatçılığı ilə “Batareyaları ver, təbiəti qoru” layihəsinə qoşulmuş və görüş çərçivəsində 6 kq batareya təhvil vermişdir. Müəllim və şagirdlərə təşəbbüsə dəstək verdikləri üçün təşəkkür edirik.
Qeyd edək ki, interaktiv formatda keçirilən görüşlər “Azərbaycanda plastik tullantıların ekoloji cəhətdən səmərəli idarə edilməsinin təşviqi və innovativ təkrar emal həllərinin tətbiqi” layihəsi çərçivəsində keçirilir.
Layihə Bazel Konvensiyasının “Plastik Tullantı Tərəfdaşlığı” proqramı çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı və Qafqaz üzrə Regional Ekoloji Mərkəzin təşkilatçılığı ilə həyata keçirilir.