FƏXRİMİZ

Kərim Abbasəli oğlu Kərimov

Kərim Abbasəli oğlu Kərimov 1917-ci il noyabrın 14-də Bakı şəhərində anadan olub. O, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra SSRİ Artilleriya Akademiyasında ali təhsilini davam etdirib. Akademiyada təhsilini başa vuran Kərim Kərimov Qvardiya Minaatan Hissələrinin Baş İdarəsinə xidmətə göndərilib. O, burada “Katyuşa” tipli minaatan qurğuları və onların mərmilərinin sənayedən qəbul edilməsi işi ilə məşğul olub və bu sahədə səmərəli fəaliyyət göstərib. Kərim Kərimov 1941-1945-ci illər müharibəsindən sonra SSRİ Müdafiə Nazirliyinin aparatında 20 il xidmət edib, orada böyük mühəndislikdən Kosmik vasitələr idarəsinin rəisi vəzifəsinə qədər yüksəlib.

Kərim Kərimov SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə saxlanılmaqla, 1965-ci ildə mülki nazirliyə - yeni yaradılmış Ümumi Maşınqayırma Nazirliyinə ezam olunub və burada kosmik raket texnikası üzrə işlərin təşkil edilməsi ilə bilavasitə məşğul olan Üçüncü Baş İdarəyə rəhbərlik edib. O, eyni zamanda 1966-cı ildə Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri təyin edilib.  Kərim Kərimov Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri qalmaqla, 1974-cü ildə Mərkəzi Elmi Tədqiqat Maşınqayırma İnstitutu direktorunun birinci müavini vəzifəsinə keçirilib. O, 1991-ci ildə istefaya çıxsa da, Uçuşları İdarəetmə Mərkəzində məsləhətçi kimi çalışaraq, ömrünün sonuna kimi kosmonavtika ilə əlaqəsini kəsməyib.

Bütün ömrünü kosmik raket texnikasının inkişaf etdirilməsinə həsr etmiş Kərim Kərimovun fəaliyyəti XX əsrdə kosmosun fəth olunması tarixinin ayrılmaz hissəsini təşkil edir. 25 il ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına başçılıq etmiş Kərim Kərimovun adı keçmiş SSRİ-də kosmosun öyrənilməsi sahəsində bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx bağlı olub. Kərim Kərimov hələ 1946-cı ildən ballistik raketlərin radioölçmə sistemlərinin yaradılması istiqamətində işlər aparıb.  Onun elmi-texniki araşdırmaları nəticəsində raketlərin daxili parametrlərinə nəzarət edən “Don” radioölçmə sistemi yaradılıb  və kosmik raketlərdə tətbiq olunub. Keçən əsrin 50-ci illərində kosmosa uçuşların intensivləşdirilməsində və süni peyklərin yaradılmasında, Günəş sistemi planetlərinin və Ayın avtomat qurğular və insan tərəfindən öyrənilməsi işinin təşkil edilməsində bir alim və mütəxəssis kimi Kərim Kərimovun böyük xidmətləri olub. “Soyuz” raket daşıyıcılarının yaradılması, “Salyut” orbital stansiyasının qurulması bilavasitə onun rəhbərliyi altında həyata keçirilib. Məhz bu layihənin davamı kimi, kosmik fəzada çoxmodullu “Mir” orbital stansiyası yaradılıb.

Bütün əmək fəaliyyətini Moskvada həyata keçirməli olan Kərim Kərimov doğma vətəni Azərbaycanla əlaqələrini kəsməyib, respublikanın elmi mərkəzləri, xüsusilə Azərbaycan Milli Aerokosmik Agentliyinin işləri ilə həmişə maraqlanıb, öz dəyərli tövsiyə və məsləhətləri ilə onlara yaxından kömək edib. O, Moskvada yaşayan azərbaycanlılarla da həmişə sıx əlaqə saxlayıb, onların cəmiyyət və mərkəzlərinin işində fəal iştirak edib.

Kərim Kərimovun kosmik raket texnikasının inkişaf etdirilməsindəki misilsiz xidmətləri yüksək qiymətləndirilib. O, Sosialist Əməyi Qəhrəmanı, Lenin və Dövlət mükafatları laureatı adlarına layiq görülüb, bir sıra orden və medallarla mükafatlandırılıb. Kərim Kərimov Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.

Azərbaycan xalqının görkəmli oğlu, tanınmış hərbi xadim, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, general-leytenant – mühəndis Kərim Abbasəli oğlu Kərimov 2003-cü il martın 29-da ömrünün 86-cı ilində Moskva şəhərində vəfat edib və orada dəfn olunub.   

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2017-ci ildə Kərim Abbasəli oğlu Kərimovun adı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 8 nömrəli tam orta məktəbə verilib.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi