“Vahid Azərbaycan naminə - həmrəy olaq”
23 dekabr 2015-ci il tarixdə Bakı şəhəri 8 nömrəli tam orta məktəbdə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru Aytən Baxşıyeva, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Səfərov İsgəndər, Azərbaycan Respublikası Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək ictimai birliyinin prezidenti Tofiq Əlizadə, “Carçı” jurnalının təsisçi və baş redaktoru Gülnarə Əmirquliyeva və eləcə də məktəbin pedaqoji heyəti, şagirdlər, valideynlər iştirak etmişlər. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Əliyevanın təşkilatçılığı ilə hazırlanmış bu tədbirdə 5b sinif şagirdləri öz rəngarəng çıxışlarında tarixi məqamlara toxunmuş, Ulu Öndər H.Əliyevin öz xalqının birliyi naminə apardığı siyasəti işıqlandırmış, Vətənə olan məhəbbətlərini şer, mahnı və rəqs ifaları ilə tərənnüm etmişlər. Tədbirin sonunda qonaqlar bu tarixi gün haqqında şagirdlərlə söhbət aparmış və tədbirdən olan təəssüratları ilə paylaşmışlar.Vətənimdir Azərbaycan!O, anamdır, mən ondan can!Qəlbimdə daim çırpınan Bir ürəkdir yurdum mənim.Tarix boyu bir qəhrəman Məmləkətdir yurdum mənim...Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. Sovet dövlətinin qadağaları qardaşın qardaşla görüşməyinə imkan vermirdi. Sovet rejiminin zəifləməyə başladığı 1980-ci illərin sonlarında Azərbaycan xalqı öz həmvətənləri ilə əlaqələr yaratmaq üçün səylərini artırdı.Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.