20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə, 1988-ci ildən başlamış xalq hərəkatı özünün kulminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər.Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri doğma torpağın bütövlüyü, toxunulmazlığı və azadlıq arzusu idi.Bu faciə bizə müqəddəs bir and yeri miras qoydu. Doğma Bakımızın Dağüstü parkı kimi tanınan məkan Şəhidlər Xiyabanına döndü. Sabah xalqımız hüznlə Şəhidlik zirvəsinin 27-ci ildönümünü yad edəcək və qürurla əbədi məşəlin önündə, şəhidlərin ruhu qarşısında baş əyəcəkdir. Bakı şəhəri 8 nömrəli məktəbdə həftə boyu şəhidlərin əziz xatirəsi hörmət və ehtiramla anıldı, məktəbin şagird-müəllim kollektivi xiyabana üz tutaraq şəhidlərimizi yad etdilər. Məktəbdə şagirdlərin əl işlərindən ibarət "Şəhidlik zirvəsi-20 Yanvar"adlı sərgi təşkil edildi. Bu gün isə məktəbin "Xor" dərnəyi "Bizi qələbəyə səsləyən əbədi məşəl" adlı musiqili-ədəbi tədbirdə şəhidlərin xatirəsini bir daha yad etdilər. Tədbirdə şəhidlərə və Vətənə həsr olunmuş şeir və mahnılar səsləndi, qanlı gecənin həqiqətlərini əks etdirən sənədli filmlərdən parçalar nümayiş etdirildi. Bu gün şəhidlər bizim qürur yerimizdir! Biz onları unutmadıq! Çünki 20 Yanvar gecəsi bizim qan yaddaşımızın həm hüznlü, həm də azadlıq toxumu səpilən gecəsidir! Var ol, yaşa Azad Azərbaycan!!!