Yol hərəkəti qaydaları haqqında maarifləndirici dərs
Təhsil müəssisələrində məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək və öyrətmək, onları yol qəzalarından qorumaq məqsədilə "Yol hərəkətinin təhlükəsizliyi" mövzusunda xüsusi dərslər maarifləndirici tədbirlər təşkil edilir. Hər bir vətəndaşın özünü və yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi şagirdlərin diqqətinə çatdırılır. Bu gün bu mövzuda S. Həsənov adına 63 nömrəli tam orta məktəbin "1- B" sinfində yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici dərs keçirilib. Dərsdə İlhamə müəllimə şagirdlərə yol hərəkəti qaydaları haqqında videoçarxlar göstərib ətraflı məlumatlar verərək məqsədinin şagirdlərin təhlükəsizliyi, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarət olduğunu bildirdi.Daha sonra şagirdlər piyadaların vəzifələri, düzəltdikləri işıqfora, yol nişanları haqqında təqdimatlar hazırlayıb və təqdim etdilər. Şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, mahnılar oxumuşlar. Yol nişanları ilə düzəldilmiş şəhər küçələrində yol hərəkəti qaydalarını pozan piyada və sürücüləri səhnəciklə canlandırıblar.Qaydalara əməl etmək barədə tövsiyələr veriblər. Gəlin, yol hərəkəti qaydalarına əməl edək, özümüzü və doğmalarımızın həyatını xilas edək!