Məktub qardaşlığı

Ankara Mamak Ali Kuşçu İlkokulu 2 “D” sinfi ilə Bakı şəhəri 47 nömrəli məktəbin 2 “C” sinfi arasında “Məktub qardaşlığı” başladıldı.

Məktublaşma mədəniyyətini yaşatmaq və iki qardaş ölkə arasındakı mədəni bağları gücləndirmək üçün başladılan bu layihə təklifi öncə Türkiyə məktəblilərindən gəldi. Azərbaycan Təhsil Nazirliyi bu təklifi hörmətlə qarşıladı və Azərbaycan tərəfindən Bakı şəhəri 47 nömrəli məktəbin 2 “C” sinfinə yönəltdi.

Mamak Ali Kuşçu İlkokulu 2 “D” məktəbliləri bizim məktəblilərlə özləri, ailələri, Türkiyə haqqında məlumatlarla zəngin olan məktublar yazdılar.

Əlbəttə, 2  “C” sinif şagirdləri Türk qardaşlarına cavab məktubları yazdılar. 2 “C” sinfinin müəllimi Aişə Rüstəmzadə və şagirdlər bu məktublar haqqında Bakı Anadolu Agentliyinin muxbirinə ətraflı məlumatlar verdilər. Aişə müəllimə Türkiyədən gələn “məktub qardaşlığı” layihəsini böyük qururla qəbul etdiklərini söylədi. Uşaqların da bu layihəni sevinclə qarşılamasını, bu layihə əsasında yaranan bağlılığın iki qardaş ölkəni yaxından  tanıyaraq böyüyən bir nəslin yetişməsində əhəmiyyətli rolu olacağından danışdı.

2 “C” sinfinin uşaqları məktublarında Türk qardaşlarına Azərbaycanımızı tanıtmağa çalışır, bəzi kiçik hədiyyələr də göndərdilər.

Yusif Nəbizadənin məktubu, xüsusilə, diqqətə layiq idi. O, Baran Akyol adlı şagirdə yazdığı məktubda Türkiyəni çox sevdiyini, Beşiktaş futbol klubunun azerkeşi olduğunu bildirmişdi. Eyni zamanda Bakının gözəlliyindən yazıb Baran və dostlarını Azərbaycana dəvət edirdi.

Mehrac Quluzadə isə Emir Efə yazdığı məktubda onu yaxından tanımaq istədiyini, yeni məktublar gözlədiyini qeyd etmişdi.

Bəli..Bu qarşılıqlı məktublaşma çərçivəsində azərbaycanlı və türkiyəli şagirdlər ölkələrinin tarixi, milli-mənəvi dəyərləri, təhsil sistemləri, həmçinin özləri və ailələri barədə məlumatları həmyaşıdları ilə bölüşürlər.Məktəblilər qarşılıqlı olaraq öz mədəniyyət və adət-ənənələrini əks etdirən əl işlərindən ibarət hədiyyələri bir-birinə göndərirlər.

Müxbir məktəbimizdə olarkən bu məktublarla ətraflı tanış olmuş, sonra isə şagirdlərimizin B.Vahabzadənin “Azərbaycan Türkiyə” şeirini birlikdə oxumalarına maraqla qulaq asmışdı.

Əlbəttə, Azərbaycan – Türkiyə əməkdaşlığının daha da güclənməsi barədə gələcək nəslin məlumatlandırılması baxımından bu layihə mühüm əhəmiyyət kəsb edir.Buna görə də inanırıq ki, bu davamlı olacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi