Torpaqlarımızın işğaldan azad edilməsində, 44 günlük tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də Vətən Müharibəsi Qəhrəmanı, pilot şəhid, polkovnik Zaur İsmayıl oğlu Nudirəliyevdir.
Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olan Zaur Nudirəliyev, həmin ildəcə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olmuş və 2000-ci ildə həmin təhsil ocağını "təyyarəçi" ixtisası üzrə bitirmişdir. Daha sonra Zaur Nudirəliyev 2011-2013-cü illərdə Almaniyada General-Admirallar üçün Hərbi Liseydə təhsil almışdır.
Zaur Nudirəliyev 20 il davam edən hərbi xidməti ərzində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müxtəlif medallarla təltif edilmişdir. Vətən Müharibəsi zamanı Hərbi Hava Qüvvələri tərəfindən Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmiş, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdı. Bu uçuş zamanı ağır yaralanmasına baxmayaraq Zaur Nudirəliyev təyyarədən hatapult edə bilərdi. Amma o, mənfur düşmənə əsir düşməməsi üçün təyyarəni düşmənin canlı qüvvəsinin cəmləşdiyi hərbi bazaya çırpmış, çoxlu sayda düşməni məhv etmiş, özü isə qəhrəmancasına şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Zaur Nudrəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
2021-ci ildə şəhid pilot, Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Zaur Nudirəliyevin adı Bakı şəhəri 47 nömrəli tam orta məktəbə verilib.