“Arşın mal alan” tamaşası

Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Baharın gəlişi və ilaxır çərşənbəyə həsr olunan bayram şənliyi keçirilib.
Bayram şənliyində musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq fakültəsinin tələbələrinin və bizim məktəbin 8 “C” şagirdlərinin ifasında “Arşın mal alan” tamaşası təqdim edilib. Tamaşa iştiakçılar tərəfindən maraqla qarşılanıb. Milli geyimdə olan tələbələrin və şagirdlərin musiqi sədaları altında ifa etdikləri rəqslər, bayramın rəmzlərindən və adətlərindən olan səməni, xonça, eyni zamanda Novruz personajları Kosa, Keçəl və Bahar qızın şən zarafatları tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Xalq artisti Zabit Nəbizadənin ifasında səslənən mahnılar tədbirə xüsusi rəng qatıb.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxış edərək tədbirin təşkilatçılarına təşəkkür edib, müəllimləri,tələbələri və şagirdləri bayram münasibətilə təbrik edərək onlara cansağlığı və uğurlar arzulayıb. Bədii-musiqili hissədən sonra universitetin həyətində Novruz tonqalı alovlandırılıb. Tələbələr və şagirdlər tonqal ətrafında dövrə vuraraq rəqs edib, maraqlı konsert proqramı ilə çıxış ediblər.