Akademik Vaqif Abbasovun texniki fənlər təmayüllü sinfində nümunəvi açıq dərsi

Dekabrın 22-də Bakı şəhəri 47 nömrəli tam orta məktəbdə növbəti açıq dərs keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası Neft – Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov məktəbin texniki fənlər təmayüllü 10-cu sinif şagirdlərinə kimya fənni üzrə “Hallogenlərin müqayisəli xarakteristikası” mövzusunda nümunəvi dərs tədris edib.Qeyd edək ki, nümunəvi dərslər təhsil naziri Mikayıl Cabbarovun AMEA-nın 70 illik yubileyi mərasimində “Elmdən Təhsilə” adlı məqsədli proqramla bağlı irəli sürdüyü təşəbbüsə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında əldə olunmuş razılaşmaya əsasən, AMEA-da çalışan tanınmış alimlər tərəfindən tədris edilir.Nümunəvi dərsdə akademik V.Abbasov bildirib ki, elm və təhsilin inteqrasiyası yüksək elmi biliyə malik kadrların yetişməsinə imkan yaradır. Ölkə iqtisadiyyatında kimya sənayesinin rolu, bu sahənin dünya miqyasında perspektivli bir istiqamət olduğunu vurğulayan akademik ölkəmizdə neft – kimya sənayesinin sürətlə inkişaf etdiyini bildirib. Şagirdlərə kimya elmində baş verən mühüm yeniliklərdən danışan akademik V.Abbasov keçirilən mövzu ilə bağlı geniş məlumat verib, onlara bu istiqamətdə bir sıra dəyərli tövsiyələr verib və şagirdləri maraqlandıran sualları cavablandırıb.Nümunəvi dərsdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və KİV nümayəndələri iştirak edib.