Azərbaycan Kikboksinq Federasiyasının məktəblilərlə görüşü keçirildi

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Kikboksinq Federasiyası arasında imzalanan memaranduma əsasən ölkənin orta ümumtəhsil məktəblərində şagirdlərlə görüşlər davam etdirilir.Layihə çərçivəsində növbəti tədbir məktəbimizdə keçirildi. Şagirdlərin hazırladıqları bir-birindən maraqlı səhnəciklərin ardınca çıxış edən Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev məktəblərdə keçirilən görüşlərin əsas məqsədinin nədən ibarət olduğunu, eləcə də kikboks idman növü haqqında məktəblilərə məlumat verdi.Millət vəkili bildirdi ki, inkişaf edən Azərbaycanda intellektli, savadlı gənclərin yetişməsi üçün ilk öncə onların sağlam ruhda böyüməsi vacib amildir: “Sağlam bədəndə sağlam ruh olar. Məhz ona görə də mütəmadi olaraq məktəblərdə görüşlər keçirir, idmanda kütləviliyi təmin etməyə çalışırıq. Artıq sayca 8-ci məktəbdə seminarlarda iştirak etmişik və nəticə göz önündədir. Hesab edirəm ki, övladlarımızın gələcəkləri üçün başlatdığımız layihə ilə daha böyük uğurlar əldə edəcəyik”.Adil Əliyev vurğuladı ki, bu günün gənci sabahın əsgəridir: “Torpaqlarımızın işğal altında olduğu bir zamanda mənfur düşmənlə mübarizədə üstün olmaqdan ötrü gücümüzü daha da artırmalıyıq. Çalışmalıyıq ki, uşaqlarımız məktəbdə elmə yiyələnməklə yanaşı, həm də idmanla məşğul olsunlar, gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin layiqli əsgərinə çevrilsinlər. Bizim ən əsas amalımız budur. Bu gün dövlətimizə, dövlətçiliyə xidmət ediriksə, çalışırıq ki, qarşıya qoyduğumuz məqsədləri reallaşdıraq, cəmiyyətə töhfə verək”.Daha sonra tədbir millət vəkilinin şagirdlərə sualları ilə davam etdirildi.