Paytaxtdakı 212 məktəbdə təmayül sinifləri fəaliyyət göstərəcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 212 ümumi təhsil məktəbində 2017-2018-ci tədris ilində 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.Azərbaycan bölməsi üzrə 212 məktəbdə 432 sinifdə 10 077, rus bölməsi üzrə 46 məktəbdə 67 sinifdə 1378 şagirdin təhsil alması planlaşdırılır.Təmayül sinifləri texniki, riyaziyyat-iqtisadiyyat, humanitar, təbiət, texniki və riyaziyyat-iqtisadiyyat, texniki və təbiət, riyaziyyat-iqtisadiyyat və humanitar istiqamətləri üzrə fəaliyyət göstərəcək. Tam orta təhsil səviy¬yəsində təmayülləşmənin tətbiqində əsas məqsəd ümumi orta təhsil səviyyəsində təhsil nailiyyəti ilə fərqlənən, bu və ya digər fənn qrupu üzrə təhsillənməyə xüsusi meyil və maraq göstərən, ali məktəbdə təhsilini davam etdirmək potensialına malik şagirdlərin müəyyən edilməsi və onlara səmərəli təhsil şəraitinin yaradılmasından ibarətdir. Ümumi təhsil məktəblərində təmayül istiqamətləri üzrə ayrıca tədris plan və proqramları hazırlanaraq təsdiq olunub. Təmayül siniflərində şagirdlərin sayı minimum 20 nəfər olacaq.Təmayülləşmənin tətbiqi ilə bağlı hər bir məktəbin imkanları, maddi-tədris bazası, kadr potensialı nəzərdən keçirilərək şagirdlərin meyil və maraqlarına əsasən təmayül sinifləri formalaşdırılıb. Şagird sayı təmayül və yaxud adi siniflərin yaradılması üçün yetərli olan bütün məktəblərdə həmin siniflər təşkil edilib. Say və seçimin təmayül sinfini təşkil etməyə imkan vermədiyi ümumi təhsil müəssisələrinin bu və ya digər təmayül istiqamətini seçmiş şagirdləri yaxın ərazidəki həmin təmayül sinfi yaradılmış məktəbdə təhsilini davam etdirə biləcəklər. Təmayül istiqamətini seçməmiş şagirdlər üçün isə məktəblərdə mövcud uşaq sayı ilə adi siniflər açılıb. İlk peşə və orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin qəbul ola bilməyən IX sinif məzunları da təlim göstəricilərinə əsasən, müvafiq təmayül və ya adi siniflərə qəbul olunublar.Təmayül və adi siniflərdə müəllimlər tədris planlarında nəzərdə tutulan saatlar üzrə öz ixtisaslarına uyğun dərs yükü ilə təmin ediləcəklər.Tam orta təhsil səviy¬yəsində təmayülləşmənin tətbiqi ilə əlaqədar hazırda BŞTİ tərəfindən məktəb direktorları üçün maarifləndirici seminarlar keçirilir. Seminarlarda təmayül siniflərinin təşkili ilə bağlı məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilir.Qeyd edək ki, 2016-2017-ci dərs ilində BŞTİ-nin nəzdindəki 58 ümumi təhsil məktəbində 176 təmayül sinfi fəaliyyət göstərib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi