"Şuşa İli" ilə tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 31 mart 2022-ci il tarixli F-121 nömrəli əmri ilə təsdiq edilmiş "Şuşa ili" ilə bağlı Tədbirlər Planına uyğun olaraq 20.05.2022-ci il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Zakirova, Fizika müəllimi Günay Nəzərovanın təşkilatçılığı ilə "Şuşa İli" ilə bağlı tədbir keçirildi.
Tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır. Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Hüseyn Ağayev açaraq bildirib ki, Prezident İlham Əliyev tərəfindən Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar ölkəmizdə 2022-ci il “Şuşa ili” elan olunub. O qeyd edib ki, 30 ilə yaxın işğal altında olan Şuşa şəhəri 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində işğaldan azad olunmuşdur. Şuşa bizim mədəniyyət paytaxtımızdır. Keçən il ölkə Prezidenti tərəfindən “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı” elan olunmasından sonra bir sıra tədbirlər – “Xarıbülbül” festivalı, “Vaqif Poeziya Günləri” və s. keçirilmişdir.
Tədbir çərçivəsində Qarabağın, o cümlədən Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb, şuşalıların yaşadıqları çətinliklər, şeirlərlə xatırlanıb.
Ölkəmizi, o cümlədən Şuşanı vəsf edən mahnıların, mədəniyyət beşiyimizin yetişdirdiyi incəsənət xadimlərinin əsərlərinin ifa edildiyi tədbir maraqlı və yaddaqalan olub.