31 mart-Azərbaycanlıların Soyqırımı Günü

31.03.2021-ci tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin kitabxanasında 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirildi.Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri məktəbin tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayev açaraq deyib ki, ermənilərin müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdikləri kütləvi qətllər əvvəlcədən düşünülüb və planlaşdırılıb. Məqsəd azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin uydurduğu "Böyük Ermənistan" dövləti yaratmaq idi. Məhz bu siyasətin nəticəsi olaraq ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl soyqırımı, etnik təmizləmə nəticəsində minlərlə insan məhv edilib, evindən-obasından didərgin salınıb. Rəsmi məlumatlara əsasən, 1918-ci il mart ayının son günlərində ermənilər Azərbaycanda ümumilikdə əlli minə yaxın insanı xüsusi amansızlıqla qətlə yetiriblər. Bu qətliamlar eynilə Bakı, Şamaxı, Quba, Qarabağ, Naxçıvan, Zəngəzur və digər ərazilərdə də həyata keçirilib. Erməni quldur dəstələri insanlara qarşı vəhşiliklər etməklə kifayətlənməyərək, bu torpaqlarda tarixi, mədəniyyət abidələrini də vəhşicəsinə dağıdıb, məscidləri yandırıb, memarlıq incisi sayılan binaları yerlə-yeksan edib. Fövqəladə İstintaq Komissiyasının hesabatına görə, üç gün - 30 mart-1 aprel tarixlərində Bakıda 12 min nəfər azərbaycanlı vəhşicəsinə öldürülüb, Şamaxı qəzasının 72 kəndi dağıdılıb, 8 min nəfərə qədər azərbaycanlı məhv edilib. S.Şaumyanın xüsusi səlahiyyətlər verdiyi Hamazaspın rəhbərliyi ilə erməni quldur cəza dəstəsi Quba qəzasında qırğın törədərək 122 müsəlman kəndini dağıdıb, yüzlərlə azərbaycanlını və digər xalqların nümayəndələrini xüsusi amansızlıqla qətlə yetirib.
Azərbaycanlılara qarşı törədilmiş soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymətin verildiyini diqqətə çatdıran məktəbin tərbiyə işləri üzrə direktor müavini öz torpaqlarından qovularaq qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində tezliklə doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə edib.
Tədbirdə mövzu ilə bağlı çıxış edən məktəbin kitabxana müdiri Məlahət Əliyeva deyib ki, mart soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biridir. Bu hadisələrdən bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, uzun müddət bizə onu başqa formada təqdim etmək istəyiblər. Ermənilər dünyada baş verən siyasi proseslərin gedişindən məharətlə istifadə etməyi bacarıblar. Onlar məhz Birinci Dünya müharibəsi ərəfəsində və 1917-ci ildə Rusiyada yaranmış vəziyyətdən yararlanaraq zamanın yetişdiyini dərk ediblər. Bakıda, Tiflisdə və digər şəhərlərdə erməni siyasi partiyaları ciddi fəaliyyətə keçiblər. Azərbaycan torpaqlarında yerləşmiş ermənilər öz məramlarını açıq-aşkar həyata keçirməyə çalışıb və terror, soyqırımı, istila yolları ilə buna nail olublar. Çox təəssüf ki, heç bir dövləti olmayan ermənilər Azərbaycan ərazisində özlərinə dövlət qurublar. Türkiyəyə qarşı ərazi iddiası irəli sürən ermənilər bir nəticə əldə etməyəcəklərini görüb yenə də Azərbaycana hücum ediblər. 1918-ci ilin yanvarında İrəvan quberniyasında müsəlman əhalinin yaşadığı kəndləri yandırıb, dağıdıb, əhalini amansızcasına qətlə yetiriblər. Birinci Dünya müharibəsindən qayıdan ermənilər əllərindəki silahları Azərbaycan xalqına qarşı tuşlayıblar. Mayın 28-nə qədər - Azərbaycanda Xalq Cümhuriyyəti qurulanadək ermənilər tərəfindən hücumların ardı-arası kəsilməyib. Lakin Azərbaycanda sovet hökuməti qurulduqdan sonra onlar öz məkrli siyasətlərinə davam ediblər.
Kitabxanaçı Fidanə Məmmədova soyqırımı siyasəti haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılması və bir daha belə halların təkrar olunmaması üçün milli birliyin nümayiş etdirilməsinin önəmini vurğulayıb.