Novruzun ilk müjdəçisi – SU ÇƏRŞƏNBƏSİ

Novruzun ilk müjdəçisi – SU ÇƏRŞƏNBƏSİ
Bu gün ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur
Yazın, Novruzun ilk qaranquşu, müjdəçisi çərşənbələrdir. Novruz qədim ənənələrə söykənən və Azərbaycanın milli ünsürlərini özündə birləşdirən əsas bayramlardan biridir. Novruz gəlməmişdən öncə onun ilk carçısı kimi hər həftə ocaqlar qalanır. Bu mərasimlər özündə 4 həftəni birləşdirir. Novruz bayramına 4 həftə qalanda insanlar həyat üçün vacib olan dörd ünsürlə (su, od, yel, torpaq) bağlı çərşənbələri xüsusi təntənə ilə qeyd edirlər. El dilində onlara “boz ayın çərşənbələri” də deyirlər. İlk çərşənbənin də su çərşənbəsi olması təsadüfi deyil. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində hamı ev-eşiyini sahmana salar, evlərin solğun divarları rənglənər, torpaqdan daha yaxşı qidalansınlar deyə, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənər, artıq budaqları və zoğları kəsib onları cavanlaşdırarlar. Novruza qədər olan İlaxır çərşənbələrinin hər birinin özünəməxsus ayin və mərasimləri var. Ona görə də həmişə bu çərşənbələri bayram kimi keçirər, xüsusi süfrə açar, şadyanalıq edərlər. Təbiətin dörd mühüm ünsürü ilə bağlı olan bu İlaxır çərşənbələrinin sırası belədir: Su, Od, Külək (Hava, Yel), Torpaq.
Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin 2"B" sinif rəhbəri Rizvanə Rəfiyevanın təşkilatçılığı və tərbiyə işləri üzrə direktor müavini Hüseyn Ağayevin rəhbərliyi altında online şəkildə "Su çərşənbəsi" qeyd olundu.Şagirdlər su çərşənbəsi haqqında ətraflı məlumat verdilər.Rəqs nömrəsi ilə Aylin Nəcəfli çıxış etdi.Daha sonra tədbir digər şagirdlərin çıxışları ilə davam etdi.