Daha iki rayon üzrə “Məktəb seminarları” keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunmuş “Məktəb seminarları”nın növbəti sessiyaları Suraxanı və Nizami rayonlarının ümumi təhsil müəssisələrini əhatə edib.

Sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə  və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər  iştirak ediblər.

“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına dair il ərzində görülən işləri ümumiləşdirmək və nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir. 

Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva ümumi təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun artırılması, yeni layihələrin icrası, təmayülləşmə, fənn olimpiadalarına hazırlıq, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi məsələlərindən danışıb.

Sessiyada BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Bəşarət Məmmədov, TDM-in direktoru Samirə Bektaşi və digər şəxslər rayonlar üzrə məktəblərin keyfiyyət göstəriciləri, tədrisin təşkili, I sinfə qəbul, məktəbəhazırlıq qruplarının təşkili, istedadlı şagirdlərlə iş, karyera inkişafı, keyfiyyətə nəzarət, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda çıxış ediblər.

Qruplar şəkilində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “Təhsil haqqında Qanun”a edilən dəyişikliklər, ümumi təhsil müəssisələrində  təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar təhsilin ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, şagirdlərlə psixoloji xidmətin düzgün təşkili və idrak proseslərinin korreksiyası, şagirdlərin internetdən təhlükəsiz istifadəsi məsələləri müzakirə olunub. 

Həmçinin, “Məktəb seminarları” layihəsi çərçivəsində İdarənin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşı tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər də keçirilib.

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, sessiyalar paytaxtın 12 inzibati rayonunun hər birini əhatə edəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi