1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd olundu
Məktəbin tərbiyə işləri üzrə direktor müavini Cəfərova İlhamə Həmid qızının təşəbbüsü ilə 1 İyun – Uşaqların müdafiəsi günü münasibətilə uşaq hüquqlarının təbliği, şagirdlərdə gələcəkdə qərarqəbuletmə və idarəetmə bacarıqlarının artırılması məqsədilə məktəbdə “Mən rəhbər olsam” adı altında layihə həyata keçirildi. May ayının əvvəlindən start götürmüş bu layihədə şagirdlərə demokratik seçki proseslərinin aparılması qaydaları və idarəetmə mövzusunda Cəfərova İlhamə tərəfindən təlimlər keçirilmişdir. Layihədə 8-11-ci siniflərin şagirdləri iştirak etmişlər. Məktəbin idarə heyətində bir günlük işləmək istəyən şagirdlərə xüsusu blanklar təqdim olunaraq məktəbdəki şagird və müəllim kollektivindən imza toplamaları tələb olundu. Yetərli sayda imza toplayanlar daha sonra yaradılmış seçki komissiyasında müsahibə mərhələsinə dəvət olundular. Müsahibədə namizədlərin məktəbdə təlim və tərbiyə prosesinə faydalı ola biləcək fikirləri və platformaları öyrənildi. Bütün namizədlər bir bir dinlənilərək müvafiq vəzifə üzrə seçilmişlər. Layihənin son günü - 1 İyun tarixində rəhbərlik məktəbin bir günlük idarə olunmasını seçilmiş şagirdlərə həvalə etdi. Həmin şagirdlər bir iş gününün sonuna kimi məktəbin təlim tərbiyə və tədrisin keyfiyyətinin daha da artırılması məqsədilə bir sıra işlər görmüş , yeni fikir və ideyalar irəli sürərək islahatlar həyata keçirmişlər. Günün sonunda şagirdlər görülən işləri müzakirə etmişlər. Şagirdlər məktəbin idarə olunması işinin maraqlı və eyni zamanda məsuliyyətli və ağır olduğunu vurğuladılar. Bundan əlavə siniflərdə də bu gün haqqında məlumatlar verildi və tədbirlər keçirildi. 1 “a” sinfinin rəhbəri Şəhla Əliyeva və 2 “ç” sinif rəhbəri Kifayət Cabbarovanın siniflərində hazırladıqları musiqili tədbirlər xüsusi maraqla qarşılandı.