Hərbi qulluqçularımız məktəblilərin vətənpərvər ruhda formalaşmasında yaxından iştirak edir
İctimaiyyətlə əlaqələrə ciddi önəm verən Daxili Qoşunların Komandanlığı bu gün Azərbaycan gənclərinin vətənpərvər ruhda formalaşmasında yaxından iştirak edir. Gənclər arasında bir çox hərbi-vətənpətvərlik layihələrinin reallaşmasına təkan verən qoşunlar ənənəyə sadiq qalaraq, bu istiqamətdə görülən işləri bu gün də davam etdirir.67987 saylı hərbi hissənin hərbi qulluqçuları tərəfindən Nizami rayonu 328 saylı tam orta məktəbin şagirdlərinin “Şahinlər” hərbi-idman oyunlarına hazırlanması da həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Keçirilən məşğələlərdə şagirdlər əsasən avtomat silahının müvafiq normativlərə uyğun sökülüb-yığılmasını, sursatın darağa doldurulmasını , həmçinin turnikdə dartınma qollar üzərində bədənin döşəmədən qaldırılıb endirilməsi, 100 metr məsafəyə qaçışlar da məşq edirlər. Sevindirici haldır ki, 8, 9, 10-cu sinif şagirdlərinin iştirak etdiyi bu hərbi-idman oyunlarında qızlar da az deyil. Bu onu göstərir ki, onlar da hər bir Azərbaycan oğlu kimi silaha sarılıb Vətən torpaqları uğrunda döyüşməyə hər an hazırdılar. Məktəbin hərbi rəhbəri Mərdan Nəzərov da bu gün hər bir Azərbaycan gəncinin kiçik yaşlardan vətənpərvər ruhda tərbiyə aldığını xüsusilə vurğuladı.Bildirdi ki, gənclərimiz tarixini bilir, düşmənini tanıyır və torpaqlarını işğaldan azad etməyə daim hazırdır. Mərdan müəllim həmçinin gənclər üçün yaradılan şəraitə və onların əsl vətənpətvər kimi formalaçmasına göstərilən köməkliyə görə Daxili Qoşunların Komandanlığına və hissə rəhbərliyinə məktəbin kollektivi adından öz minnətdarlığını bildirdi. O, Elnur Əliyev, Cəmilə Allahverdiyeva, Elmar Əzimov, Nilufər Sadıqova, Aytən Novruzova, Telli Cəfərova və onlar kimi vətənpərvər, qoçaq şagirdlərin timsalında Nizami rayonu üzrə keçirilən “Şahinlər” hərbi-idman oyunlarında qalib gələcəklərinə əmin olduğunu da sözlərinə əlavə etdi.