Növbəti üç rayon üzrə təhsil müzakirələri

2017-2018-ci tədris ilinin yekunlarına həsr olunmuş “Məktəb seminarları” davam edir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Məktəb seminarları”nın növbəti sessiyaları Xəzər, Pirallahı və Nərimanov rayonlarının ümumi təhsil məktəbləri üzrə keçirilib.

Sessiyalarda BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Təlimə Dəstək Mərkəzinin (TDM) nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, uşaq birliyi rəhbərləri, fənn müəllimləri və məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.

Məktəb direktorları üçün keçirilən sessiyada çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məktəblərdə Fəaliyyət Planı üzrə işin təşkili, səmərəli idarəetmənin rolunun artırılması, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, fənn olimpiadalarının və müsabiqələrin təşkili, şagirdlərin yerdəyişməsi, məktəbəhazırlıq qruplarının uşaqların inkişafına təsiri və digər müvafiq məsələlərə toxunub.

Sessiyalarda BŞTİ-nin sektor müdirləri Lamiyə Şərəfxanova, Anar Qədiməliyev, Bəşarət Məmmədov, TDM-in direktoru Samirə Bektaşi və digər şəxslər tədrisin təşkili, məktəb imicinin formalaşdırılması, şagird nailiyyətlərinin qiymətləndirilməsi, istedadlı şagirdlərlə iş, karyera inkişafı, eksternat imtahanları, təhsil müəssisələrinin uğurlarının təbliği, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, məktəb saytlarının təkmilləşdirilməsi, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması və digər müvafiq mövzularda çıxış ediblər.

Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər, ümumi təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, məktəbdaxili metodiki işə nəzarət, məktəbdənkənar təhsilin ehtiyaclar əsasında düzgün qurulması, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, məktəblərdə psixoloji xidmətin düzgün təşkili və idrak proseslərinin korreksiyası, şagirdlərin internetdən təhlükəsiz istifadəsi məsələləri müzakirə olunub. 

Həmçinin, “Məktəb seminarları” layihəsi çərçivəsində İdarənin İctimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər də keçirilib.

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

Onu da qeyd edək ki, “Məktəb seminarları”nın 4-cü ilində əsas məqsəd “Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına dair il ərzində görülən işləri ümumiləşdirmək və nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, həmçinin, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi