Məktəbimizin pedaqoji heyəti "Quba Soyqırımı Memorial Kompleksi"ni ziyarət edib
12 may 2018-ci il tarixində 323 №-li tam orta məktəbin pedaqoji heyəti "Quba Soyqırımı Memorial Kompleksi"ni ziyarət edib.
Ziyarət zamanı Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümündə soyqırım qurbanları yad edilib.
İlk öncə Kompleksin ərazisində ucaldılan Azərbaycan Respublikasının Dövlət Bayrağının altında məktəbimizin pedaqoji heyəti tərəfindən Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Daha sonra Memorial Kompleksdə zəngin tarixi sənəd və faktlar əsasında yaradılmış abidə-muzey ziyarət olunub.
Qeyd edək ki,abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb.
19 bölmədən ibarət muzey ekspozisiyasında 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən foto-şəkillərlə,1918-ci ilin qanlı hadisələrindən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqda qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, ümummilli lider Heydər Əliyevin soyqırım haqqında sərəncamı ilə tanış olunub, zalda davamlı nümayiş etdirilən Quba soyqırımını əks etdirən sənədli film izlənilib.
Müxtəlif qəzalarda baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılması, dənizə, quyulara atılması səbəbi ilə dəfn olunmamış və zalın mərkəzində belə qurbanların xatirəsinə ucaldılan qara mərmər daşla tanış olunub.
Sonda məktəbimizin direktoru Ruhiyyə İbrahimova muzeyin xatirə dəftərində məktəbin kollektivi adından qeyd aparmışdır.
Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ilində 1918-ci ildə baş verən soyqırım qurbanlarına Allahdan rəhmət diləyirik!