Xəlil Rza Ulutürkün 85 illiyi qeyd olundu.
Bu gün məktəbimizin kitabxanasında xalq şairi Xəlil Rza Ulutürkün anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak etmişdirlər.Tədbirdə məktəbin direktoru öz çıxışında Xəlil Rza Ulutürkün mübariz ruhlu, döyüşkən poeziyası ilə xalqın yaddaşında qaldığını bildirdi: "Xalq şairimiz 80-ci illərin sonundan başlayan milli azadlıq hərəkatının öndə gedən təbliğatçılarından olmuşdur.O, təkcə milliyətçi şair deyildi,həm də yaradıcılığında böyük insanlıq məfhumu aşılayan mübariz ziyalılarımızdan idi."Ruhiyyə İbrahimova həmçinin Xəlil Rza Ulutürkün bir özəlliyini də vurğuladı ki, şair həm də şəhid atasıdır. Onun övladı Təbriz Xəlilbəylinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ön sırada dünyasını dəyişdiyini və ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildiyini qeyd etdi.Daha sonra məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Vahid Əsgərov çıxışında "azadlıq mücahidi" adlandırılan Xəlil Rza Ulutürkün həyat və yaradıcılığı haqqında geniş məlumat verdi: "Xəlil Rza Ulutürk ömrünün ən çətin günlərində belə öz əqidəsindən dönməmiş, Azərbaycan xalqının haqq səsi onun vətəndaşlıq poeziyasından davamlı duyulmuş, xalqın milli duyğularını tərənnüm etmişdir. İnanırıq ki, böyük şairin həyat və yaradıcılığı hələ gələcək nəsillər üçün örnək olaraq yaddaşlarda qalacaqdır."Tədbir şairin şerlərinin şagirdlərimiz tərəfindən səsləndirilməsi ilə davam etdirildi.