Şuşasız 25 il
08.05.2017-ci il tarixində Azərbaycanın hər yerində olduğu kimi 323 №-li məktəbdə də Azərbaycanın dilbər guşələrindən biri, Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinin ermənilər tərəfindən işğal edilməsinin 25 illiyinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru İbrahimova Ruhiyyə müəllim çıxış edərək bildirdi ki, Şuşa şəhəri Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus yeri olub. Belə ki,Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır. Şuşa şəhəri artıq iyirmi beş ildir ki, təcavüzkar Ermənistan Respublikasının işğalı altındadır. Düz iyirmi beş ildir ki, yadlar tapdağı olan Şuşa ölüm sükutuna qərq olub. Nadir tarix-memarlıq tikililəri, qədim abidələri, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları talan edilmişdir. Bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrilmişdir. Tədbirdə torpaq uğrunda öz canlarından keçmiş şəhidlərimiz ehtiramla anılmış, düşmənə nifrət, vətənə məhəbbət hissləri ifadə edən şeirlər səslənmişdir.