Ana təbiət
1 mart 2024-cü il tarixdə 321 nömrəli tam orta məktəbin akt zalında "Ana təbiət" mövzusunda möhtəşəm tədbir keçirildi.Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsindən sonra məktəbdə buna həsr olunmuş ilk tədbirin təşkilatçıları Dəmirova Cəmalə, Əhmədova Şeyda və Səfərova Gülər oldu.Tədbirdə Texnologiya müəllimi Cəmalə müəllimənin və şagirdlərinin əl işləri:hörgü heyvanlar, müxtəlif maketlər, rəsmlər, 3d printerlə olan işlər, terrarium-bir sözlə flora və faunamıza aid gözoxşayan əl işləri tamaşa edənləri heyran etdi.Həmçinin ədəbiyyatımızda təbiətin rolu mövzusundakı səhnəciklər də maraqla qarşılandı.
Göygölə həsr olunmuş səhnəcik yazıçı Mikayıl Rzaquluzadənin "Vurğun baxışlarla" hekayəsi əsasında hazırlanmış Ucal obrazını 10-cu sinif şagirdi Asim Balayev məharətlə ifa etdi."Rəmzə çevrilən güllər" səhnəciyində isə qərənfil və xarıbülbüldən söhbət açıldı.Xurşidbanu Natəvan və Məmməd Aslan obrazları çox maraq doğurdu.
Dərsliklərə salınmamış, təbiətə həsr olunmuş şeirləri məktəblilər böyük həvəslə, məharətlə səsləndirdilər. Quş yuvalarını dağıtmamaq, yerə zibil atmamaq haqqındakı səhnəciklərdə hər birimizə "təbiət qoruqçusu" olmalıyıq fikri aşılandı.
Şeyda müəllimənin təbiəti riyazi nöqteyi-nəzərdən görməyə imkan verən səhnəcikləri xüsusilə ibrətamiz idi. Belə ki, içməli suyu boşa israf etsək gələcəkdə su qıtlığı yaşana bilər, bu da su müharibəsi ilə nəticələnə bilər fikri, enerji mənbələrini boşa tükətməmək, kağıza qənaət etməklə ağacların kəsilməsinə dur demək, plastikdən deyil təbii materiallardan istifadə etməklə təbiətə nə qədər xeyir vermək olar fikri şagirdlərin ifasında tamaşaçılara çatdırıldı.
Tədbirdə musiqiyə də yer verildi.Şagirdimiz Rəhimli Rafiqin saz ifası, Əhmədova Arzunun rəqsi hər kəsin xoşuna gəldi. Sonda bütün iştirakçılara diplomlar verildi. Diplomla hər kəs "Təbiət qoruqçusu" adı aldı. Ümid edirik ki, hər birimiz təbiəti qoruyub, onun qeydinə qalacağıq.