Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olduq

32 nömrəli məktəbin 8-9-10-cu sinif şagirdləri dekabrın 21-də Bakı Ekspo Mərkəzində Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış oldular. Sərginin ekspozisiyasında Tahir Salahovun şəxsi kolleksiyasından, Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Xalça Muzeyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının fondlarından seçilmiş 80-dək xalça, 40-dək rəngkarlıq və rəsm əsəri, eləcə də 350-dək fotoşəkil nümayiş olunur. Dörd min kvadratmetrlik sahəni əhatə edən ekspozisiyada rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən əsərləri yer alıb. Fotoşəkillər Tahir Salahovun dünyanın məşhur elm, incəsənət və dövlət xadimləri ilə görüşlərini, onun həyatının maraqlı anlarını əks etdirir. Dünya şöhrətli rəssam Tahir Salahovu 90 illik yubileyi münasibətilə təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq.