9 Noyabr - "Daim dalğalan, üçrəngli bayrağım!" adlı tədbir keçirildi

Məktəbdə Bayraq Günü münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Sevda Abdullayeva və müəllimlər iştirak edirdilər. Tədbirin iştirakçıları 8, 9 və 10-cu sinif şagirdləri idi. Tədbir dövlət himninin oxunması ilə açıldı. Tədbir boyu Azərbaycana, bayrağımıza həsr edilmiş şeir və mahnılar şagirdlərin diqqətinə çatdırıldı. Həmişə azadlıq və müstəqillik arzusu ilə yaşamış xalqımızın ulu öndər Heydər Əliyevin qayıdışı ilə öz istiqlalına qovuşması xüsusi qeyd edildi. 1918-ci il 9 noyabrda qəbul olunmuş üçrəngli bayrağımızın yenidən Azərbaycan səmalarında ucalması məhz ulu öndərimizin adı ilə bağlılığı şagirdlərin diqqətinə çatdırıldı. Təqdim olunan bütün şeir və mahnılarda qürur mənbəyimiz olan bayrağımızın şərəflə qorunması tövsiyə edildi. Tədbirin aparıcısı bir daha qeyd etdi ki, bu gün unudulmaz liderimizin ərməğanı olan Azərbaycan əmin əllərdədir. Ölkə prezidenti cənab İlham Əliyev inamlı addımlarla müstəqillik estafetini davam etdirir. Çünki bu müqəddəs amalın davamçısı olaraq şərəfli ömür yaşamaq vəzifəsi onun çiyinləri üzərinə düşür. Bu müqəddəs yolda prezidentimizə uğurlar arzulayır və inanırıq ki üçrəngli bayrağımız tezliklə geri alınmış torpaqların səmalarında dalğalanacaq.