“21 fevral - Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir

Fevralın 24-də M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbdə “21 fevral - Beynəlxalq Ana Dili Günü” münasibətilə tədbir keçirildi. Tədbirdə məktəbin direktoru, müəllimlər, məktəbin şagirdləri və qonaqlar iştirak edirdilər. Tədbir himnin səslənməsiylə başladı. Sonra aparıcı tədbiri açıq elan edərək məlumat verdi ki, dil hər bir millətin ən ümdə atributudur. Dilimizin musiqisi, şirinliyi haqda az deyilməyib. Bu dili anlayıb başa düşən qonaqlar da, bu dildə danışmayan gəlmələr də onun rahat deyilişinə vurulmuş, dönə-dönə bu dildən söz salmışlar. Nağılının, bayatısının, qoşmasının səsi bütün dünyaya yayılaraq öyülmüş, qola güc, ürəyə qüvvət vermişdir. “Kitabi-Dədə Qorqud” boylarının sal qayanı andıran bütövlüyü, sellər-sular kimi axan, təmizliyi Azərbaycan dilinin misilsiz örnəyi kimi yer üzünə yayılmış, sevilmişdir. Harayı, çağırışı andıran Nəsimi dilinin gücü, Xətayi dilinin sadəliyi, Azərbaycan sözünü göylərə qaldıran Füzuli dilinin ovsunu, Vaqif dilinin kəskinliyi, Vurğun dilinin polifonik musiqisi, dərinliyi elimizin başını həmişə uca etmişdir. Eyni zamanda şagirdlər söylədikləri şeirlərdə və ifa etdikləri mahnılarda dilimizin qüdrətini, müqədəsliyini vurğuladılar.