Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş tədbir.
Binəqədi rayon Biləcəri qəsəbəsindəki 301 saylı tam orta məktəbdə yazıçı Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Məktəbin direktoru Məmməd Səfərov giriş sözü ilə çıxış edərək, ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. Onun əsərlərinin xalqımızın həyatında çox müsbət rol oynadığından danışdı. Xüsusilə məşhur “Bir gəncin manifesti” əsərinin ictimai çəkisi, tərbiyəvi əhəmiyyəti barədə məlumat verən natiq tədbir iştirakçılarını məktəb şagirdlərinin bu əsərin motivləri əsasında hazırladıqları tamaşaya baxmağa dəvət etdi.
Sonra şagirdlər əsər əsasında səhnələşdirdikləri hissəni nümayiş etdirdilər. Tamaşada ana obrazının məharətlə oynanılması, Baharın nakam taleyə düçar edilməsi kimi halların çox mükəmməl şəkildə hazırlanması diqqəti xüsusilə cəlb edirdi. “İtə ataram, yada satmaram” ifadəsinin yaratdığı qürurverici notlar isə yəqin ki. şagirdlərin ovqatında xüsusi bir iz buraxmaqla onların vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rol oynayacaqdır.