Beynəlxalq olimpiadalara hazırlaşacaq VI-VIII və IX-XI sinif şagirdlərinin seçim turu keçirilib
Azərbaycan Respulikası Təhsil Nazirinin 25.08.2015-ci il tarixli 912 nömrəli “Beynəlxalq fənn olimpiadalarının hazırlıq işlərinin təşkili barədə” əmrinə əsasən 10 və 17 oktyabr 2015-ci il tarixlərində fizika, riyaziyyat, kimya, biologiya, informatika fənləri üzrə Beynəlxalq olimpiadalara hazırlaşacaq VI-VIII və IX-XI sinif şagirdlərinin seçim turu keçirilib. Aparılan seçimlərin əsas məqsədi 2016-cı ildə Beynəlxalq fənn olimpiadalarında Azərbaycanı təmsil edəcək namizəd şagirdləri müəyyənləşdirərək onlarla tədris ili boyunca hazırlıq işləri aparmaq və məktəblilərin Beynəlxalq olimpiadalarda daha uğurlu çıxışlarını təmin etməkdən ibarətdir.VI-VIII siniflər üzrə seçim turunda Azərbaycanın bir sıra bölgələrindən 300-dən çox şagird öz biliyini nümayiş etdirib. Turun nəticələrinə əsasən, 31-i Bakı Şəhəri üzrə Təhsil idarəsinin tabeçiliyində olan ümumtəhsil məktəblərinin şagirdləri olmaqla ümumilikdə Bakı üzrə 100 şagird uğurlu nəticə göstərib. Belə ki, 220 saylı məktəbdən 4 nəfər, 287 saylı liseydən 9 nəfər, THL-dən 2 nəfər, 62 saylı məktəbdən 3 nəfər, 160 saylı məktəbdən 3 nəfər, 246 saylı məktəbdən 2 nəfər, 2, 16, 17, 147, 33, 70, 308, 297, 145 saylı məktəblərdən hərəsindən 1 nəfər hazırlıq qruplarına seçilib.IX-XI siniflər üzrə seçim turunda isə 500-dən çox şagird iştirak edib. Turun nəticələrinə əsasən, 12-si Bakı Şəhəri üzrə Təhsil idarəsinin tabeçiliyində olan ümumtəhsil məktəblərinin şagirdləri olmaqla ümumilikdə Bakı üzrə 85 şagird uğurlu nəticə göstərib. Belə ki, 287 saylı liseydən 2 nəfər, 160 saylı məktəbdən 3 nəfər, 207, 271, 246, 62, 121, 278, 257 saylı məktəblərdən hərəsindən 1 nəfər hazırlıq qruplarına seçilib.Qeyd edək ki, tədris ili boyunca xüsusi proqram əsasında aparılacaq hazırlıq dərslərinə cəlb olunacaq həmin şagirdlər ilin müəyyən dövrlərində sınaq imtahanları verəcəklər. Sınaq imtahanlarının nəticələrinə əsasən, ilin sonunadək komanda üzvləri müəyyənləşdiriləcəkdir. Bununla belə, şagirdlər həm qış, həm yay tətili dövründə qış və yay olimpiada məktəblərinə cəlb ediləcəklər.Bundan başqa, məktəblilərin fənlərə olan marağını artırmaq, istedadlı və çalışqan şagirdləri müəyyən etmək, onlara sağlam rəqabət hissi aşılamaq, şagirdlər arasında olimpiadalara həvəs oyatmaq məqsədilə ölkənin bütün şəhər və rayonlarında fənn müsabiqələrinin keçirilməsi də planlaşdırılıb. Fənn müsabiqələri əsasən, fizika, kimya, biologiya və riyaziyyat fənni üzrə VII-VIII sinif şagirdləri arasında keçiriləcəkdir. Nəzərinizə çatdıraq ki, fizika, riyaziyyat, informatika fənnləri üzrə hazırlıqlar il boyu Fizika Riyaziyyat İnformatika Təmayüllü Liseydə (FRİTL), kimya və biologiya fənləri üzrə isə Kimya Biologiya Təmayüllü Liseydə ( KBTL) keçiriləcəkdir.